“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında üçüncü tur başa çatıb

64

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalında üçüncü tur başa çatıb.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq əmsalına görə ən reytinqli şahmatçıların yer aldığı “A” qrupunda maraqlı qarşılaşmalar oynanılıb. Turnir cədvəlinin liderliyi baxımından hər iki tərəf üçün önəmli olan görüşdə, təmsilçimiz Eltac Səfərli ilə belaruslu Aleksey Alekseyev bərabərliyə razılaşıblar. İddiasını davam etdirən Azərbaycan şahmatçılarından Nicat Məmmədovla Qədir Hüseynovun qarşılaşması da sülhlə yekunlaşıb. Naxçıvan şahmatçılarına gəlincə beynəlxalq qrossmeyster  Urfan Sevdimalıyev üçüncü görüşünü Fərid Abbaslıya qarşı keçirib. Məğlubiyyətsiz irəliləyən bu iki zəka sahibinin oyununda qalib tərəf Bakı şahmatçısı olub. İran təmsilçisi Mitra Hecazipurla qarşılaşan beynəlxalq usta Toğrul Həsənzadə uzun çəkən görüşün sonunda məğlubiyyətlə razılaşmalı olub. FİDE ustası Pərviz Qasımov isə Abdulla Qədimbəyliyə uduzub. Yeniyetmə şahmatçımız Sadiq Məmmədov isə iranlı Araş Təhbazla heç-heçəyə razı olub.

3-cü turun yekun nəticələrinə əsasən aktivində 2.5 xal olan 8 şahmatçı turnir cədvəlinin üst sıralarını bölüşürlər. Belə ki, belaruslu Aleksey Alekseyev, ukraynalı Vitaliy Bernadskiy, İsraildən İlia Smirin, Almaniyadan İqor Xenkin, Qazağıstandan Yevqeniy Pak və Azərbaycandan 3 şahmatçı – Eltac Səfərli, Nicat Məmmədov və Fərid Abbaslı üstünlüklərini davam etdiriblər.

“B” qrupunda da gərgin mübarizə davam edir. İlk iki görüşünü qələbə ilə bitirən 3 Naxçıvan şahmatçısından yalnız Sadiq Qarayev  uğurun davamını gətirib. Bakı təmsilçisi Emin Novruzovu üstələyən yeniyetmə şahmatçımız qələbə sayəsində qrupun ən üst sırasında yüksəlib. Onunla eyni göstəriciyə malik Bakı, Xaçmaz, Quba və Ağdamdan olan şahmatçılar əmsalına əsasən ilk onluqda müvafiq yerlərdə qərarlaşıblar.

12 yaşadək şahmatçıların yer aldığı “C” qrupunda muxtar respublika təmsilçilərindən Elçin Rza, Nazlı Hümbətova və İlkin Qəbulov 3 görüşün yekununda maksimum nəticə ilə turnir cədvəlinin ön sıralarında qərarlaşıblar. Bakıdan 8, Gəncədən 2 şahmatçı eyni göstəriciyə malikdir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirə mayın 10-da yekun vurulacaq.

    Emil Səmədov

NTV Xəbər 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: