Qida Təhlükəsizliyi Agentliyinə bu səlahiyyətlər də verildi

83

Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 12 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, fərmanın 4.2-ci bəndinə edilən dəyişikliyə əsasən, Dövlət Gömrük Komitəsi başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi məqsədilə artıq müvafiq ərazi dövlət baytarlıq müfəttişinə deyil, Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə məlumat verəcək.

6-cı hissədə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq və Dövlət Fitosanitar Nəzarəti xidmətləri” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilir.

Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən fərmanın 28.3-cü bəndində “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri əlavə edilir. Yəni bundan sonra Azərbaycanda xarici ticarətin gömrük statistikasının məlumatları Qida Təhlükəsizliyi Agentliyinə də təqdim olunacaq.

İlham Əliyevin “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 25 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərmana əsasən isə 1-ci hissə aşağıdakı redaksiyada verilir:

“1. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

Qanunun 9-cu maddəsində bildirilir: “Süni qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir”.

Bu fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Dövlət başçısı “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman da imzalayıb.

Dəyişikliklərə əsasən fərmanın 2-ci hissəsinin doqquzuncu abzası ləğv edilir və səkkizinci abzası aşağıdakı redaksiyada verilir:

“həmin Qanunun 7.3-cü maddəsində (fitosanitar vəziyyətinə münasibətdə), 22.1-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir.”.

Bu fərman da 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Prezidentin digər fərmanı ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndində “Vergilər Nazirliyinə,” sözlərindən sonra “Qida Təhlükəsizliyi Agentliyinə,” sözləri əlavə edilir. Beləliklə, Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Mərkəzi Banka, eləcə də Qida Təhlükəsizliyi Agentliyinə müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: