İlk dəfə açıq havada “Xəmsə” milli intellektual oyunu keçirildi

385

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki Saat Meydanında gənclər arasında fərdi olaraq “Xəmsə” milli intellektual oyunu keçirilib. Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər paytaxtı seçilməsi ilə əlaqədar keçirilən intellektual oyunda 80-dən çox gənc iştirak edib. İntellektual oyunu keçirməkdə məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara gənclərin marağının artırılmasıdır.

İlk dəfə olaraq açıq havada keçirilən yarışa maraq olduqca yüksək olub. Fərdi qaydada keçirilən yarışın reqlamentinə əsasən, iştirakçılar öncə qeydiyyatdan keçib və hər bir iştirakçı oyunda iki dəfə iştirak etmək hüququna malik olub. Hər oyunda 4 iştirakçı mübarizə aparıb və mövzular yalnız onlar kürsü arxasına keçdikdən sonra elan olunub.

Yekun nəticəyə əsasən, Tural Məmmədzadə qalib adını qazanıb. Digər iki pillədə isə Qulu Əlisoy və Zamin İbrahimov qərarlaşıblar. İlk 10 pillədə qərarlaşan iştirakçılara təşkilatçılar tərəfindən fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunub.

“Xəmsə” milli intellektual oyunu Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, “Xəmsə” milli intellektual oyunu Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkələri vasitəsilə canlı olaraq yayımlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: