Milli Məclisin sədri Oqtay Əsədov Antalyada Ermənistan rəsmisinin yalanlarına tutarlı cavab verib

291

Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və məntiqsiz fikirlər səsləndirib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov təcavüzkar dövlətin nümayəndəsinə tutarlı cavab verərək deyib: “Ermənistan nümayəndəsinin bu mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər məni yenidən çıxış etməyə vadar etdi. Əslində bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: Deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir? Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir. Türkiyəni daim qondarma “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bu məsələyə münasibət bildirərək deyib: ”Dünyada sülhə və sabitliyə dəyər verən bu toplantımızda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan həqiqətən də Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs etdi. Ermənistan bu mövqeyi ilə əslində özü-özünü təcrid vəziyyətinə salıb. Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa mövcud problemlər aradan qalxa bilər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: