Bağçalar arasında dostluq körpüsü yaradılır

418

Məktəbəqədər təhsil sisteminin yenidən qurulması təhsil sahəsində aparılan islahatların əsasını təşkil edir. İndi uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəlib. Hazırda Naxçıvan şəhərində 10 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Bu məktəbəqədər təhsil müəssisələrində də ümumilikdə 1950 azyaşlı təhsil alır. Sevindirici haldır ki, həmin məktəbəqədər təhsil müəssisələrinin hamısı son 20 ildə tikilmiş müasir binalarda fəaliyyət göstərir. Bütün lazımi avadanlıq və tədris vasitələri ilə təmin olunan bu bağçalarda uşaqların təlim-tərbiyəsi ilə 221 ixtisaslı müəllim məşğul olur. Məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyənin səviyyəsini daha da yüksəltmək üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində yeni bir layihə – “Dostluq və əməkdaşlıq körpüsü” layihəsi hazırlanıb.

Layihəyə əsasən, hər ay Naxçıvan şəhərindəki bir uşaq bağçasında əlamətdar günlərlə bağlı bir tədbir və iki açıq dərsin keçirilməsi planlaşdırılır. Ayrı-ayrı mövzular üzrə keçirilməsi nəzərdə tutulan  açıq dərslərdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, digər bağçaların rəhbərlərinin iştirakı, o cümlədən  açıq dərsin sonunda geniş müzakirə və təhlillərin aparılması da reallaşdırılacaq.  Nəticədə, Naxçıvan şəhərindəki uşaq bağçaları arasında dostluq əlaqələrinin  möhkəmlənməsi,  qabaqcıl təcrübənin  öyrənilməsi və ortaya çıxacaq nöqsanların aradan qaldırılması aktuallaşır. Təbii ki bu da ,   bağçalar arasında əməkdaşlığı, sağlam rəqabəti artıramaqla yanaşı,  həm də bağçaların fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.  Əlamətdar günlərlə bağlı keçiriləcək tədbirlərdə isə həmin günün əhəmiyyəti uşaqlara açıqlanacaq. Hazırlanan səhnəciklər, səsləndirilən mahnılar, qiraət edilən şeirlər uşaqların fəallığının artırılmasına, vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edəcək, onlara milli-mənəvi dəyərlərə hörmət ruhu aşılanacaqdır. Bu tədbirlərin “Şərəfli peşə”, “Müqəddəs bayrağımız”, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”, “Qanlı Yanvar”, “Xocalı faciəsi”, “Adın şərəflidir sənin, ey qadın”, “Milli bayramımız – Novruz”, “Aprel döyüşləri”, “Dahi şəxsiyyət”, “Respublika Günü” başlıqları altında hazırlanması nəzərdə tutulub. Bundan əlavə, uşaqlarda təbiətə sevgi, yaşıllıqlara qayğı hissinin formalaşdırılması üçün bağçalarda “Biz təbiəti sevirik”, “Ağaclara necə qulluq etməli” mövzularında da tədbirlər keçiriləcək.

Artıq Naxçıvan şəhərindəki 11 sayı uşaq bağçası ilk dəfə olaraq belə bir tədbirə ev sahibliyi edib.  Uşaq bağçasında keçirilən tədbirdə uşaqlar ulu öndər Heydər Əliyevə, qədim Naxçıvanımıza, müəllimə, vətənə, aid şeirlər söyləyib,  mahnılar oxuyub, rəqs ediblər.

Bağçada məktəbəhazırlıq qrupları üzrə iki açıq dərs də  keçirilib. İlk açıq dərs “Savad təlimi və nitqin inkişafı” məşğələsində “U” səsi və “U” hərfi” mövzusunda I məktəbəhazırlıq qrupu üzrə olub.

 İkinci açıq dərs isə II məktəbəhazırlıq qrupunda  “Məntiqi və riyazi təfəkkürün inkişafı” məşğələsi üzrə – “Həftənin günlərini ardıcıl saymaq” mövzusunda aparılıb.

Hər iki açıq dərs iştirakçılar tərəfindən dinlənildikdən sonra geniş müzakirə olunub. Tədbirdə iştirak edən digər bağçaların nümayəndələri, müəllimlər qabaqcıl təcrübənin üstün və çatışmayan cəhətləri ilə bağlı  öz fikirlərini bildiriblər.

“Dostluq və əməkdaşlıq körpüsü”layihəsi tərbiyəçilər və valideynlər tərəfindən də böyük maraq və razılıqla qarşılanıb.  Qeyd olunub ki, məktəbəqədər təhsilin səviyyəsinin daha da yüksəldilməsində bu layihənin böyük rolu olacaq.

                                                                                       Vəli MƏMMƏDOV

                                                                                        “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: