Evlərimizin qış hazırlıqları: şoraba və turşular

307

Yay fəsli öz ömrünü başa vurub. Sərin küləkləri, narın yağışları, ot qoxulu səhər şehləri ilə payız yurdumuza qədəm qoyub. Bağlardan, bağçalardan payız məhsulları toplanılır, evlər təmizlənib döşənir, yuyulmalılar yuyulur, qarşıdan gələn soyuq günlərə görə evlərdə hazırlıqlar aparılır.

Alın təri, əl qabarı ilə əldə edilən məhsullar bərəkətli olur,-deyib aqillərimiz. Həyətlərdən toplanılan meyvələr səliqə ilə qablaşdırılıb zirzəmilərə yığılır. Sonrakı dövrlərdə bu meyvələrdən istifadə olunur. Payızda müxtəlif turşular bağlanılır, şorabalar hazırlanır. Çox vaxt qadınlar birlikdə qış hazırlıqları görürlər. Soyuq havada şoraba və turşulardan istifadə orqanizmin müqavimətini artırır. Qarışıq turşular daha ləzzətli olur. Müxtəlif cür hazırlanan şoraba və turşuların hərəsinin özünəməxsus dadı olur.

Nənələrimiz təbii şəkildə bostan məhsullarından şorabalar hazırlayıblar.  Heç bir kimyəvi qatqısı olmayan şorabalar uzun müddət keyfiyyəti itirmədən saxlanıla bilir. Ən çox pomidor və xiyardan şoraba hazırlanır. Tam yetişməmiş, ağarmış pomidor yığılır, yuyulur. Sarımsaq soyulur, acı  bibər təmizlənir, süyüd, kərəviz, dəfnə yarpaqları yuyulub qablara yığılır. Üzərinə qaynadılmış su əlavə olunur. Kiloqrama bir xörək qaşığı duz götürülür. Ağzı bərk bağlanan qab bir gün günəş şüaları altında saxlanılır. Sonra şoraba hazır olana qədər sərin yerə qoyulur.

Xiyar şorabası hazırlamaq üçün körpə xiyarlar yığılır, hər iki tərəfdən ucları kəsilir. İçərisinə sarımsaq, duz, bibər əlavə olunur. Qatılacaq göyərtilərə nanə də vurulur.

Kələm, gül kələm, acı və şirin bibər, pomidor, beçə qarpız, badımcan, çuğundur, payız alması, azca xiyar doğranılır. Qarışığa sarımsaq, duz əlavə olunur. Üzərinə çiçəkləmiş şüyüd qoyulur. Qaynadılmış su əlavə olunub qarışıq şoraba hazırlanır.

Turşular şorabadan fərqli olaraq sirkələrlə hazırlanır. Şüşə bankalarda qaynadılan xiyar və pomidora litrə bir qaşıq hesabı ilə duz qatılır. Üç qaşıq duza bir qaşıq şəkər tozu əlavə olunur. İçərisinə şüyüd, kərəviz, sarımsaq, bibər, bəzən mixək, dəfnə yarpağı atılır. Qaynar suda şüşə bankalar 20-25 dəqiqə qaynadılır. Lobyadan, badımcandan da turşu bağlanılır.

Bunlardan əlavə qarışıq turşular da hazırlanır. Şirin və acı bibərlərin içi təmizlənir, qaynar suda pörtlədilir. Süzgəclərə yığılıb gün altına qoyulur. Bankalara yığılır, üzərinə duz qoyulur. Sarımsaq, pencər əlavə edilmiş pomidor soku tökülür. Preslənmiş bibər çox ləzzətli olur.

Bibərin, göy pomidorun, badımcanın içərisi təmizlənir. Bibər və badımcan qaynar suda pörtlədilir. Kök, sarımsaq, xiyar, kələm, şüyüd, kərəviz balaca-balaca doğranılır, bibər, badımcan və pomidorların içərisinə yığılır. Sıra ilə qaba düzülür. Üzərinə duz əlavə olunandan sonra özünü tutana qədər saxlanılır.

Payızda qadınların sevə-sevə hazırladıqları turşulardan biri də kələmdən hazırlanan həftəbecərdir. Kələm xırda-xırda doğranılır. Pörtlədilmiş kökun üstü təmizlənilir, sarımsaq, pencər, bibər doğranılır. Azca göy pomidor da qarışığa əlavə olunur. Böyük qablara tökülüb duzla ovxalanır. Tam ölüşgəyəndən sonra qablara yığılır. Yığıldıqca üstdən sıxılır. Tez gəlməsi üçün üzüm və ya alma sirkəsi qatılır. Payız armudu, alması və albuxaradan qoyulan turşular da yeməklərə xüsusi dad verir.

Dadlı, ləzzətli təamlardan yemək ömrümüzü uzadır, sağlam və gümrah olmağımıza şərait yaradır. Zəngin süfrələrimizi bəzəyən şoraba və turşularımızı sadalamaqla qurtarmaz.

Tərlan  Məhəmmədqızı

                                                                               “Arazın səsi qəzeti”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: