5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Müasir tədris şəraiti muxtar respublika müəllimləri üçün geniş imkanlar açır

163

YUNESKO-nun qərarına əsasən, 1966-cı ildən etibarən hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.

Bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafı ilə bağlı olmuşdur. Təhsilin inkişafı isə yüksək ixtisaslı, peşəkar və təcrübəli müəllimlərin formalaşmasından asılıdır.

Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi olmuş,  bu şərəfli peşə sahiblərinə xüsusi ehtiramla yanaşılmışdır.  “Mən dünyada müəllimdən şərəfli ad  tanımıram”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti bu gün də ölkə­mizdə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir.

Naxçıvan Muxtar Respublikasında  da  təhsilin inkişafına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, muxtar respublikada bu sahəni daim irəli aparan, öz peşəsini dərindən sevən peşəkar müəllimlər formalaşmışdır. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 22 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının dövlət ümumitəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında”, 2017-ci il 14 sentyabr tarixli “Bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqqılarının artırılması haqqında”  Sərəncamları bu istiqamətdə atılan növbəti mühüm addımdır.

Müəllim əməyinə verilən əsas qiymət həm də yüksək tədris şəraitinin yaradılması ilə ölçülür. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmiş, şəhər, rayon və kəndlərdə 200-dən çox təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, maddi-texniki baza xeyli gücləndirilmişdir. Hər il olduğu kimi, 2018-ci ildə də məktəb binalarının tikintisi, tədris şəraitinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılmışdır. Muxtar respublikada 2018-ci ilin ötən dövründə 4 tam orta məktəb binası istifadəyə verilmiş, hazırda 7 ümumtəhsil müəssisəsi üçün binaların tikintisi davam etdirilir.

Muxtar respublikada təhsil sahəsinə göstərilən qayğı təkcə infrastruktur yönümlü deyil. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərin dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması  da daim diqqətdə saxlanılır. Belə ki, 2005-ci  ildən ötən dövrdə muxtar respublikanın təhsil müəssisələrinə 2 milyon 710 min 741 nüsxə dərslik və müəllim vəsaiti verilmişdir. İnformasiya texnologiyalarının tədrisdə tətbiqi məqsədilə muxtar respublika ümumtəhsil məktəblərinə 5337 kompüter və 600-dən çox elektron lövhə quraşdırılmışdır.

Hər bir müəllim üçün ən gözəl hədiyyə onun yetişdirdiyi gəncin etimadı doğrultması, başını uca edərək layiqli vətəndaş kimi böyüməsidir. Bu gün mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2017-2018-ci tədris ilində də qəbul imtahanlarında yüksək nəticələr əldə edilmiş, məktəbi bitirən məzunlardan 1571-i ali məktəblərə qəbul olunmuş,  onlardan 331-i  500-700 arası bal toplamışdır.  

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri cənab Vasif Talıbov demişdir:  “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu  təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”. Bu gün muxtar respublikanın təhsil ocaqlarında çalışan hər bir müəllim vətənpərvər, təhsilli və cəmiyyət üçün faydalı gənc­lər yetişdirmək kimi mühüm vəzifələr yerinə yetirir. hazırlamaq prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Pedaqoji kollektivlərin əsas fəaliyyət istiqamətini təşkil edən bu vəzifələr muxtar respublikada layiqincə icra olunur, müəllimlər tədris prosesini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. Hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi, vətənpərvərliyi ilə seçilməyə, dövlətinə və xalqına sədaqətlə xidmət etməyə səy göstərir.

Muxtar respublikanın ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel  tarixli qərarına uyğun olaraq pedaqoji kadrların işə qəbulu və müəllimlərin əməyinin qiymətləndirilməsinin təmin olunması üçün keçirilən diaqnostik qiymətləndirmə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilmişdir. Bu,  bir tərəfdən ucqar dağ kəndlərində məktəblərin ixtisaslı kadrlarla təminatı baxımından əhəmiyyətlidirsə, digər tərəfdən gənc müəllimlərin işlə təmin olunmasında mühüm amildir.

Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi muxtar respublikamızda hər zaman yüksək qiymətləndirilir, onlar fəxri adlar, orden və medallarla təltif olunurlar. Belə ki, son illər muxtar respublikanın təhsil müəssisələrində çalışan müəllimlərdən 75-i “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 106-sı isə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 71 müəllim  “Tərəqqi”  medalı ilə təltif olunmuşdur.

Peşə bayramlarını qeyd edən muxtar respublika müəllimləri bundan sonra da Ali Məclis Sədrinin tövsiyələrini əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirəcək, təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: