Yemişan-təbii ürək dərmanı

371

Şahbuz rayonunun yığılmaqla bitməyən təbii nemətlərindən biri də yemişandır. Daha çox Biçənək, Kükü, Keçili, Nursu kəndlərində və Batabatda bu bitkinin müxtəlif növləri yetişir. Payızın ikinci ayında üzüyoxuşa dağlara qalxanda yol kənarlarında “qırmızı yaylığa bürünmüş” yemişan kolları göz oxşayır. Təbiətin səxavətli vədəsində-payızda yetişən yemişan kolları blokadanın ilk illərində darda qalan insanlara ümid yeri oldu. Oduncağı daş kömürə bərabər olan yemişan kolları elə barı üstündə qırılıb çatıldı. Qısa müddət olsa belə, həmin vaxtlarda kəndlərimizdə, dağlarımızda yemişan kolları azalmağa başladı. Amma ulu öndərin uzaqgörən siyasəti nəticəsində yenə də çöllərimizdə qucaq-qucaq yemişan kolları böyüdü, bara mindi. Çünki işıqlarımız gur yandı, qazımız alovlandı. Daha çol-bayırın ağacına, koluna möhtac olmadıq. Beləcə, yavaş-yavaş çılpaqlaşan dərələrdə, təpələrdə yenidən yemişan kolları boy-boya verdi Ona görə də dağların sinəsinə qısılan yemişan kollarının budaqlarından sallanan meyvələr aşıb-daşır. Bu günlərdə yemişanın şirinləşən vədəsidir.

Yemişanın faydaları

Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu  vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində insan orqanizmi üçün faydalı olan bəzi maddələrə təbiətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.

Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Onun tərkibində olan xeyirli maddələr ürəyin tac və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır. Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.

Ürəyin və beynin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır.

Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı “qoca ürəyin dərmanı” adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur.

Ağır və uzun sürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir.

Yemişan iltihab və mikrob əleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şiş əleyhinə təsirə malikdir. Yemişanı kompot, dəmləmə şəklində qəbul etmək və çay kimi dəmləmək olar.

Yemişanı normadan artıq qəbul etmək olmaz. Bu, arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər.

Yemişan çayı

1 xörək qaşığı quru giləmeyvənin üzərinə 200 ml qaynar su əlavə edin və 5 dəqiqə ərzində dəmləyin. Daha sonra yumşalmış giləmeyvələri sıxın, 1 çay qaşığı bal əlavə edin və için. Belə çayı adi çay kimi gündə 2 dəfə içmək olar.

7 xörək qaşığı quru giləmeyvəni 2 litrlik termosda dəmləyin və səhərə saxlayın. Səhər dəmləməni süzün, meyvələri sıxın və gündə 1 stəkan olmaqla qəbul edin. Dəmləməyə bal da əlavə etmək olar.

Yemişanı qışa necə tədarük etməli

Yemişan meyvələrini ağ kağız üzərində nazik sərib, tez-tez çevirməklə qurutmaq lazımdır. Belə şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir. Qurumuş meyvələri xüsusi torbalara doldurub, havası daim dəyişilən quru yerlərdə saxlayırlar.

Yemişan meyvələri yeyinti sənayesində də xammal kimi qiymətli hesab olunur, ev şəraitində isə ondan mürəbbə, kompot hazırlanır.

Kənd təsərrüfatında yemişanın əhəmiyyəti daha mühümdür. Bolqarıstan alimi Pyotr Nikolovun məlumatına əsasən, sağılan mal-qaranın yeminə yemişan meyvələri əlavə etdikdə onların südü xeyli artır və süddə yağın miqdarı çoxalır.

Elnur Əsgərov

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: