Hikmət Hacıyev: Düşənbədəki söhbət bir daha göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır

177

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev Düşənbədə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri arasındakı söhbətlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

-Düşənbədə MDB-nin zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri arasında söhbət olub. Bu barədə nə deyərdiniz?

-MDB dövlət başçılarının Düşənbədə keçirilmiş zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət Ermənistan baş nazirinin təşəbbüsü ilə baş tutub. Bu bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır və münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır. Onu da əlavə etmək istərdim ki, eyni format çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində, bu ilin iyulunda isə Brüsseldə görüşü keçirilmişdi.

Biz bunu müsbət qarşılayırıq və Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişənin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Bu Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir.

-Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi məsələsini necə şərh edərdiniz?

– Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, atəşkəsin pozulmasının əsas səbəbi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu və hərbi işğal faktının davam etməsidir. Bu əsnada həmişə də atəşkəs rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfi olmuşdur. 2014-cü ilin noyabrında dövlət başçılarının Parisdə keçirilmiş görüşündən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi genişmiqyaslı hərbi təlimləri və məlum helikopter insidentinin baş verməsinin təhrik edilməsini, həmçinin, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutmasını və vəziyyətin qəsdən gərginləşdirilməsini xatırlatmaq istərdim. Odur ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nəinki hərbi risk amili aradan qalxmış olar, heç atəşkəs rejiminə ehtiyac belə qalmaz və münaqişənin siyasi həlli üçün hərtərəfli imkanlar açılar. Bununla da regionda dayanıqlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: