Duzun söz yükü
Naxçıvanın zəngin folklor nümunələri və adət-ənənlərində duz çoxobrazlı məna yükünə malikdir
Naxçıvan Duzdağı özünün qədimliyi ilə dünya və bəşər tarixində ən əhəmiyyətli yerlərdən birini tutur. Belə ki, tarixi mənbələr, müxtəlif alim və səyyahların qeydləri Naxçıvan Duzdağını əhəmiyyəti bir yer kimi təqdim etməklə bərabər, onun qədim bir tarixə malik olmasını da təsdiq etmişlər. Burada aparılan arxeoloji tədqiqatlar zamanı tapılan maddi-mədəniyyət nümunələri də bu yerin tarixinin daha qədimlərə aid olduğunu təsdiq edir. Karbon analizlərinin gətirdiyi nəticələr isə Naxçıvan Duzdağının ümumən dünyada ən qədim duz çıxarma tarixinə malik olduğunu təsdiqləyib. Tədqiqatçıların qənaətincə də, Naxçıvan yaxınlığında mövcud olan Duzdağ həm də Naxçıvan şəhərinin bizim eradan əvvəl III-II-ci minilliklərdə təşəkkül tapan qədim şəhər mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamında deyilir ki: “Əldə olunan arxeoloji materiallar bir daha təsdiq edir ki, bizim eradan əvvəl 12-ci minillikdən başlayaraq indiki Naxçıvan ərazisində intensiv həyat davam etmiş, Naxçıvan Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin, o cümlədən Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin əsas mərkəzinə çevrilmiş və bu ərazidə ikinci sivilizasiyanın vacib elementi olan ilkin şəhər mədəniyyəti formalaşmışdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Tarixşünaslıq baxımından bugünkü Naxçıvan özündə üç vacib elementi birləşdirir: o, həm tarixiliyi yaşadır, həm müqəddəsliyi yaşadır, həm də yeni həyatın başlandığı yerdir. Dünyada çox az sayda ərazilər var ki, qədim sivilizasiyanın davamlı inkişafını izləmək üçün qeyd olunan 3 amilin hamısını özündə cəmləşdirə bilsin”. Bu mənada Naxçıvan Duzdağı və duz Naxçıvanın tarixi ilə bağlı vacib faktları ortaya çıxarmağa qabil mühüm detallardandır. Ümumiyyətlə, doğru deyilmişdir ki, “duz bütün türk xalqlarında müqəddəs sayılan bir maddə, nemət olaraq diqqət çəkir. Türk inam və mədəniyyətində duzun əhəmiyyətli bir yeri vardır”. Belə bir qədim tarixə malik olan və özünün xüsusi əhəmiyyətilə mühüm mövqe nümayiş etdirən Naxçıvan duzu və Duzdağı yerli əhalinin müxtəlif yaradıcılıq sahələrində də xüsusi məna yükü daşımaqla bədii-estetik səciyyə və fəallıq qazanmışdır. Təsadüfi deyil ki, Naxçıvanın zəngin folklor nümunələrində, xüsusilə atalar sözü, məsəllər kimi hikmətli sözlərdə və bir çox adət-ənənələrində duz çoxobrazlı məna yükünə malik olmuşdur. Ümumiyyətlə, “duz” sözü təkcə Azərbaycan üçün deyil, ümumən türk, hətta dünya xalqlarının bir çoxu üçün “dad verən qida vasitəsi” olmaqdan başqa özündə məcazi mənalar da ifadə edən bir söz, hətta inanclar sistemində xüsusi yeri olan simvol olaraq diqqəti cəlb edir. Ümumiyyətlə, “Azərbaycan dilinin izahlı lüğəti”ndə “duz”un bir çox mənası göstərilmişdir. Bu baxımdan adı təməl qida olan çörəklə birikdə çəkilən duz, demək olar ki, dilimizdə təkcə qida vasitəsinin adı kimi deyil, müxtəlif söz konstruksiyaları daxilində məcazi mənalar da ifadə edən leksik vahid kimi diqqəti cəlb edir. Bütün bu məna çalarları, söz yox ki, xalqın düşüncə tərzini də bütün səciyyəsi və məzmunu ilə anlamağa imkan verir. Maraqlıdır ki, “duz” sözü bəzi türk xalqlarında “tuz”, bəzilərində “toz”, Azərbaycan xalqı da daxil olmaqla bəzilərində “duz” şəklində işlənmişdir. Duz həm də dünyanın ən qədim inanc kitablarından olan “Əhdi-ətiq” və “Əhdi-cədid”də də özünə yer tapmışdır. Məsələn, “Əhdi-ətiq”də deyilir: “Rəbbinin önündə əbədi duz əhdidir”; “Əhdi-cədid”də isə bu cür əksini tapır: “Torpağın duzu yaradanın tərifini anlatsın”. Göründüyü kimi, duzun inanclardan irəli gələrək müxtəlif ayinlər daxilində istifadə edilməsi və özünəməxsus məna daşıması təkcə türk-müsəlman xalqlarında deyil, başqa xalqlarda da özünə yer almış, müxtəlif ayinlər daxilində (məsələn, ailə quranların şərab, çörək və duzla müqəddəsləşdirilməsi ayini kimi) istifadə edilmişdir. Bu və buna oxşar ayinlər bir çox digər ölkə və xalqlarda da özünü göstərir. Lakin xalqların və icra tərzlərinin fərqliliklərindən asılı olmayaraq, bu ayinlərin içərisinə daxil olan “duz”, demək olar ki, tamamilə eyni funksiya və məcazi mənanı ehtiva edir. Lakin bunu da mütləq mənada başa düşmək və xüsusi vurğu ilə diqqətdə saxlamaq lazımdır ki, hər halda, duzun vətəni olan və olmayan ölkələr və xalqlar üçün duz tamamilə eyni məna və əhəmiyyət kəsb edə bilməz. Bu mənada ən qədim duz mərkəzlərindən və duz sənayesinin beşiklərindən olan Azərbaycanın Naxçıvan bölgəsində duz daha geniş və çoxçalarlı bir məna-məzmun xüsusiyyəti və inanc kultuna malikdir. “Duz” sözü daşıdığı məna yükünün əhəmiyyətindən irəli gəlir ki, xüsusilə xalqımızın sözlü yaradıcılıq nümunələrində özünə ən çox yer tutan, fəal işlənmə dərəcəsinə malik olan bir leksik vahiddir. Folklor və ədəbiyyat nümunələrində “duz” sözünün işlənmə yerlərinə uyğun müxtəlif məcazi məna çaları ifadə etmə işləkliyi adamı heyran və təəccübdə qoyur. Hətta həm mifologiyada, həm də Əbdülqazi Bahadır xanın “Şəcəreyi-tərəkəmə”sində duzun Türk ata tərəfindən tapılaraq məişətə daxil olduğu deyilmişdir. Orada deyilir: “Günlərdən bir gün ova çıxıb ov ovlayıb kabab çəkib yeyirdi. Bir parça ət yerə düşdü, onu yeyincə ağzına çox xoş bir dad gəldi. Çünki o yer duzla, yəni duzlu bir yer idi. Yeməyə duz qatmasını o gətirdi”. Başqa fikirlərə görə isə, duzu kəşf edən və həyat tərzinə daxil edən şəxs Nuhun nəvəsi və Türkün oğlu olan Tutukdur. Bununla bağlı Naxçıvanın xalq ədəbiyyatı materiallarında bir mifə rast gəlinməsi də maraq doğuran haldır. Türk dillərinin ən yaxşı lüğəti hesab edilən Mahmud Kaşğarlının məşhur “Divani-lüğət it-türk” əsərində də “duz” kəlməsinə 18 yerdə rast gəlinir. Sözün malik olduğu mənalar içərisində, məlum olduğu kimi, sözün həqiqi mənasında qida vasitəsinin adı kimi, digər mənalarda isə məcazi olaraq müxtəlif çalarlarda istifadəsi bu məşhur türk lüğətində izah edilmişdir. Beləliklə, qətiyyətlə demək olar ki, bir çox məna çalarına malik olan “duz” sözü dilin leksik sistemində özünə əsas bir yer tutaraq xalqın inam və inancı ilə əlaqəli “gözəllik, sədaqət, vəfa, etibar, əhəmiyyət” və başqa bu kimi mənalarda işlənmiş və onun sözlü yaradıcılığında ən fəal şəkildə özünə yer almışdır.
Bəli, doğru deyilib ki: “Türklərin tarixinə, ədəbiyyatına və folkloruna girən duz-çörək haqqı dostluq, vəfa, arxa-dayaq, sədaqət, insanlıq, səmimiyyət, mərdlik, dürüstlük kimi qavramları məzmununa qatan zəngin bir qəlibdir”. Ədəbi mənbələrdə “duz” həm də “əbədi varlıq və zaman” deməkdir. Necə ki, qədim inanc kitablarında Tanrı ilə insanın əhd-peymanında duzun oynadığı rol, yaradılışa duz qatılması, nağıllarda oyaq qalmaq üçün yaraya tökülən duz və b. ritul və inanclara rast gəlinmişdir. Ümumiyyətlə, tədqiqatçılar da göstərirlər ki, duz sözü qədim dövrlərdən türk dillərində fayda, gözəllik, şirinlik kimi məcazi mənalara malik olmuşdur. Azərbaycan xalqı arasında “duz-çörək” andı, hətta qarğışı, eləcə də milli mənəviyyat simvolu olması çox əlamətdardır və duzun buradakı düşüncə sistemindəki əhəmiyyətli yerini tam müəyyən edir. Azərbaycan xalqının deyim tərzində “duz-çörək kəsmək”, “duz-çörəyi tapdamaq”, “duz-çörəyi kəsmək”, “duzuna baxmaq”, “duz qatmaq”, “duzunu qaçırmaq”, “duzlu olmaq”, “duzsuz olmaq”, “duza getmək”, “duzdan qayıtmaq”, “duz kimi yalamaq”, “qız yükü, duz yükü” və çoxsaylı belə nümunələr hələ də fəallıqla işlənilməkdə, duzun həm məişətdə, həm inam-inanc sistemində, həm də dildə əhəmiyyətli yer tutduğunu açıq-aydın göstərməkdədir. Duzun bədnəzərdən qoruma xüsusiyyəti (oda tökülüb yandırmaq ayinilə bədnəzəri qırmaq! – R.Q.) olduğu kimi, həqiqətdə məişətdə və sənayedə şirinə bir qədər duz qatmaqla xarab olmaqdan, keyfiyyətini itirməkdən, qurdlanmaqdan qorumaq ənənəsi, duza qoymaq və duza basdırmaq və s. duzun müdafiəedici, qoruyucu funksiyasını da göstərməklə ən qədim inanc və kitablarda da duzun əbədi həyat və qoruma əlaməti öz təsdiqini tapmışdır.
Bu əhəmiyyətdən və inanclar sistemində tutduğu yerdən irəli gəlir ki, duzla bağlı müxtəlif məcazi məna çalarlarının işlənməsinə bir çox ədəbiyyat nümunələrində fəal şəkildə rast gəlinmişdir. Bütün bunlar, xüsusilə türk mifologiyası və düşüncəsinə görə duzu həyat tərzinə daxil edən Nuhun nəvəsi və Türkün oğlu Tutukla bağlı əfsanə mövzusunu Azərbaycan, xüsusilə də ən qədim duzçıxarma mədəni və sənayesinə malik, ən qədim duz mədəni və Duzdağın yerləşdiyi Naxçıvanla daha inandırıcı şəkildə bağlayır. Naxçıvanın xalq yaradıcılığı nümunələrində, xüsusilə onun sözlü ədəbiyyatında, deyim və inamlarında, adət, ənənə və həyat tərzində xüsusi mövqeyi və izahı olan duzun olduqca mühüm yer tutması bu fikri daha da gücləndirir. Bütün bu keyfiyyətlər Naxçıvan Duzdağının mədəni abidə kimi aktuallaşmasına da stimul vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda elmi konfransın keçirilməsi” və eləcə də “Naxçıvan Duz Muzeyinin yaradılması” haqqındakı sərəncamlar Naxçıvan Duzdağının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırmış, həmçinin onun tarixi-mədəni abidə olaraq qiymətləndirilməsinə, Duzdağın tarixi və mədəni əhəmiyyətli bir abidə kimi elmin, ədəbiyyatın və ümumən ictimai fikrin mərkəzinə gəlməsinə də vəsilə olmuşdur. Belə bir mühüm əhəmiyyəti ictimaiyyətə təqdim edildikdən sonra Duzdağ ədəbi yaradıcılığın da mərkəzinə gəlmiş, ədəbi yaradıcılıq üçün mövzuya çevrilmişdir. Bu mənada, tədqiqatçıların dililə desək, demək olar ki, Naxçıvan ədəbi və folklor mühitində bir bədii predmet kimi duzun “külli-ixtiyarlığı” (yəni məna çoxvariantlığı – R.Q.), ona münasibətin özünəməxsusluğu bu diyarın təbiətindən doğmuşdur.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent