Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib

536

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikamızda bütün sahələrdə inkişafa nail olunub. Sağlamlıq imkanları məhdud şəxslərin və qadınların ictimai-mədəni həyatda iştirakı, onların istedadlarının üzə çıxarılması və  məşğulluqlarının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Qadınlar və məhdud fiziki imkanlı şəxslər peşə məktəblərinə cəlb olunur, xalçaçı, dərzi, toxuculuq kimi peşə kurslarında onlara el sənəti nümunələrini hazırlamaq öyrədilir. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır.

Sahir Rüstəmov məhdud fiziki imkanlılar və istedadlı qadınların rəsm və əl işlərindən ibarət növbəti sərgi-satışın təşkil olunmasını bu kateqoriyadan olan şəxslərə dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib, sərgi-satışın iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılır, onların fəaliyyəti üçün hər cür şərait yaradılır. Muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınların sayı artır, onlar tərəfindən yeni sənət əsərləri yaradılır.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxışında qeyd edib ki, bu gün muxtar respublikanın bütün sakinləri kimi sağlamlıq imkanları məhdud şəxslər də yüksək dövlət qayğısı ilə əhatə olunublar. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət qadın siyasəti isə qadınlarımızı cəmiyyətin fəal üzvünə çevirib, onların ictimai həyatda iştirakını təmin edib. Həyata keçirilən bu siyasətinin tərkib hissəsi kimi istedadlı qadınların fəaliyyətlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, 10 gün davam edəcək sərgi-satışa ümumilikdə 188 müəllifin 2427 rəsm əsəri və əl işi çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: