Azərbaycanın və San-Marinonun Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

70

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan San-Marino Respublikasının xarici işlər üzrə dövlət katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər Azərbaycan və San-Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edib, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyini bildiriblər.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Nazir Elmar Məmmədyarov ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verib.

Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.

Sonda tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San-Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: