Azərbaycanın BMT-dəki nümayəndə heyəti qurumun Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab verib

144

BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb.

Xarici İşlər Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, bəyanatda deyilir: “Biz dünən Ermənistanın baş naziri tərəfindən ümumi müzakirədə edilmiş bəyanata cavab vermək üçün çıxış istədik.

İlkin təəssürat ondan ibarətdir ki, natiq özünün adlandırdığı “Məxmər inqilab”ın hələ də təsiri altındadır və populist, olduqca ziddiyyətli ritorikadan çıxış edərək BMT Baş Assambleyasını Gümrü və Yerevan küçələri ilə səhv salıb.

Baxmayaraq ki, Ermənistanın baş naziri ölkəsinin hakimiyyətdən salınmış hökumətini avtoritar idarəetmə, korrupsiya, demokratiya və insan hüquqlarını pozmaqda günahlandırmaq üçün söz seçimində qətiyyətli deyildi, onun Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişə ilə bağlı verdiyi şərhlər sələflərinin keçmişdə inadkarcasına istifadə etdiyi frazeologiyadan çox az fərqlənirdi. Nəticədə, Ermənistanın baş nazirinin bəyanatı Azərbaycana qarşı müharibənin başlanılması və onun ağır nəticələrinə görə məsuliyyəti və faktları rədd etmək üçün növbəti uğursuz cəhdə çevrildi.

Məlumdur ki, Ermənistan Dağlıq Qarabağ, ətraf yeddi rayon və bəzi eksklavlar da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini zəbt etmək və orada özünə tabe olan kiçik irqçi rejim qurmaq üçün hərbi qüvvədən istifadə edib. Ermənistanın başladığı müharibə on minlərlə insanın həyatına bais olub, şəhərləri, rayonları, kəndləri viran qoyub, bir milyondan çox Azərbaycanlının öz doğma evlərindən və mülklərindən zor gücü ilə qovulması ilə nəticələnib və münaqişə nəticəsində minlərlə insan hələ də itkin düşmüş hesab edilir.

Ermənistanın baş nazirinin bəyanatında müşahidə etdiyimiz iddia və yanlış yozmalar, xüsusilə də onların Təhlükəsizlik Şurasının Azərbaycana qarşı gücdən istifadəni, onun ərazilərinin bombalanmasını və işğalını pisləyən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin tutulması üçün gücdən istifadənin qəbuledilməz olduğunu bir daha təsdiq edən BMT-də səslənməsi, xüsusilə heyrət doğurur.

Bundan əlavə, Ermənistanın ərazi iddiaları və güc tətbiqinə cavab olaraq, Şura bir daha təsdiq edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və tələb edib ki, işğalçı qüvvələr dərhal, tamamilə və qeyd-şərtsiz bütün işğal olunmuş torpaqlardan çıxsınlar.

Başqa sözlə, Təhlükəsizlik Şurası bu qətnamələrdə Azərbaycana qarşı hərbi güc tətbiq olunması faktını, bu hərəkətlərin qanunsuz olduğunu, Birləşmiş Millətlər Nizamnaməsi ilə ziddiyyət təşkil etdiyini, beynəlxalq münasibətlərdə hərbi gücdən istifadənin qadağan olunmasına uyğun gəlmədiyini və onların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğunu etiraf edib.

Təəccüb doğurmur ki, Ermənistanın baş naziri öz çıxışında bilərəkdən Təhlükəsizlik Şurasının qətnamələri üzərindən sükutla keçdi. Eynilə o, münaqişə ilə bağlı qəbul edilmiş digər mühüm sənədlərə də istinad etmədi.

Ermənistanın bəyan etdiyi öhdəlikləri və əməlləri münaqişənin sülh yolu ilə həlli məqsədinə heç vaxt uyğun gəlməyib. Ermənistanın baş nazirinin bəyanatı heç də istisna deyil. Həqiqətdə, suveren dövlətin ərazisini işğal etmək üçün hərbi gücdən istifadə etməklə Ermənistan siyasi həll yoluna alternativin olmasına qəti inamını nümayiş etdirdi.

Erməni xalqına qarşı yeni mifik soyqırımı təhlükəsi haqqında iddialar növbəti yalanın göstəricisidir. Sadəcə onu qeyd etmək yetərlidir ki, həm öz, həm də işğal etdiyi Azərbaycan torpaqlarında bütün qeyri-ermənilərdən tam etnik təmizləmə həyata keçirən Ermənistandan fərqli olaraq, Azərbaycan bu günədək etnik və mədəni müxtəlifliyini qoruyub saxlayıb, paytaxt Bakı şəhərində və ölkənin digər bölgələrində sülh, harmoniya və şərəflə həyat sürən on minlərlə erməninin evidir.

Ermənistan rəhbərliyinin demokratiya, insan hüquqları və münaqişənin sülh yolu ilə həlli bəyanatları cəfəngiyatdır və onlar Azərbaycan ərazilərinin işğalına son qoyulması, məcburi didərgin düşmüş azərbaycanlıların şərəf və ləyaqətlə Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdəki evlərinə və yurdlarına geri qayıtmalarının təmin edilməsinə gətirən əsl fəaliyyətə çevrilməyənədək boş söz olaraq qalacaq.

Kompromis yox, vacib olan bu məqsədə nail olunması Azərbaycanın konstitusional və hüquqi çərçivəsi daxilində Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının bərabər və tam iştirakı ilə digər məsələlərin cavablandırılması üçün lazımı şərtlər yaradacaq.

Ermənistanın işğalçı və müstəmləkəçilik siyasətinin məqsədinə çatmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub və belə də olacaq. Azərbaycan torpaqlarının işğalı müvəqqətidir və Ermənistan tərəfindən heç vaxt arzu edilən nəticələri verməyəcək. Yerevan öz xalqını və beynəlxalq ictimaiyyəti yanıltmaq kimi faydasız cəhdlərindən əl çəkməli, münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməli və öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: