Muxtar respublikanın kütləvi informasiya vasitələrinə yeni avadanlıqlar təqdim olunub

574

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasına, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə yeni avadanlıqlar təqdim olunmuşdur.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub. Bu sahədə həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilmiş, Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazası gücləndirilmiş, müasir yayım və çəkiliş avadanlıqları alınmışdır. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin yaradıcılıq imkanlarının və maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası, “Şərq qapısı”, şəhər və rayon qəzetləri üçün də 12 adda yeni avadanlıq alınmışdır. Təqdim olunan yeni avadanlıqlar kollektivlərin fəaliyyətinin xeyli yaxşılaşdıracaq, onların yaradıcılıq imkanları artıracaqdır.

Ülvi Hüseynli Televiziya və Radio Şurasına, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə yeni avadanlıqların verilməsini muxtar respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olduğunu bildirmiş, bu münasibətlə kollektivləri təbrik etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyənləşdirdiyi “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir” fikirlərinin bundan sonra da jurnalistlərin əsas fəaliyyət istiqamətinə çevriləcəyini vurğulamışdır.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək deyib ki, qəzetə yeni avadanlıqların təqdim olunması, maddi-texniki təchizatın gücləndirilməsi fəaliyyət üçün geniş imkanlar açır. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə edəcək, göstərilən qayğı müqabilində daha səylə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova diqqətə çatdırıb ki, şuraya alınan yeni avadanlıqlar işin günün tələbləri səviyyəsində qurulmasına, teleradio yayımı sahəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, “Arazın səsi” qəzetinin redaktoru Hüseyn Şəkərəliyev, gənc jurnalist Güntac Şahməmmədli, Televiziya və Radio Şurasının əməkdaşı Zilhiccə Abdullayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kütləvi informasiya vasitələrinin inkişafına göstərilən qayğıya görə minnətdarlıq ediblər.

Yeni alınan kompüter və printerlər, yaddaş qurğuları, televizorlar ən son texnologiyaya əsaslanır.  Saniyədə 12  kadr çəkən “Nikon D5” fotoaparatı isə foto-müxbirlərin daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: