ABŞ mediası Azərbaycan xalçaçılıq sənətindən bəhs edib

148

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia review” jurnalında və eyniadlı analitik portalda Azərbaycan xalçaçılığından, ölkəmizdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindən bəhs edən məqalə dərc olunub. “Azərbaycan xalçaçılığın vətənidir” adlı məqalənin müəllifi tanınmış jurnalist və beynəlxalq münasibətlər üzrə ekspert Peter Tasedir. Məqalədə Azərbaycanın xalçaçılıq tarixinə nəzər salınıb.

Qeyd olunub ki, Azərbaycan xalqının tarixi, həyatı ilə sıx bağlı olduğundan Sovet dövründə xalçaçılığın geniş şəkildə tədqiqinə, milli naxışlarla xalça istehsalına süni maneələr yaradılıb. Çünki xalça Azərbaycan xalqının tarixinin öyrənilməsində əvəzsiz vasitələrdən biri idi. Xalçaların üzərindəki naxışlar onun toxunduğu dövrün həyat tərzi barədə qiymətli məlumatlar verir. Bu sahəyə ehtiyatla yanaşılmasına baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyev xalçaçılığın yaşadılması, inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirib. XX əsrin 70-ci illərində Azərbaycanda Xalça Muzeyi fəaliyyətə başlayıb, bu sahə ilə məşğul olan tədqiqatçılara, xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradılıb.

Məqalədə bildirilib ki, Qarabağ bölgəsində tarixən zəngin çeşnili, qiymətli xalçalar toxunub. Tarixi Azərbaycan torpaqlarını işğal edən ermənilər Qarabağda yaşayan azərbaycanlıların dədə-baba yurdlarında qalan Azərbaycan xalçalarını öz məhsulları kimi təqdim edirlər. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, xalçaçılığın vətəni Azərbaycandır və o xalçalar Azərbaycan xalqının təxəyyülü və bacarığının  məhsuludur.

Müasir dövrdə Azərbaycanda xalçaçılığın inkişafından ətraflı bəhs edən müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlərin ən yaddaqalan məqamlarından birinin də 2016-cı ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması olduğunu vurğulayıb. Son illər Azərbaycanda yaradılan xalça istehsalı fabriklərinin əhəmiyyətini xüsusi qeyd edən Peter Tase bununla Azərbaycan dövlətinin bir neçə strateji məqsədi reallaşdırdığını bildirib: “Azərxalça” qarşısında duran ən vacib vəzifələrdən biri milli xalçaçılıq sənətinin inkişafı, digəri isə ölkənin ixrac potensialını artırmaqdır. Bu fəaliyyət geniş xalçaçılıq şəbəkəsinin yaradılmasını tələb edib.  “Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir”, – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sənət sahəsinin yaşadılmasını təmin edərək, Azərbaycanda xalçaçılığın geniş şəbəkəsini yaradıb. Hazırda Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında “Azərxalça”nın filialları fəaliyyət göstərir. Bu binaların tikintisi 2016-2017-ci illərdə başa çatdırılıb və bütün avadanlıqlarla tam təchiz olunub. Azərbaycan dövlət başçısının tapşırığı ilə hazırda Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Goranboy və Tərtər rayonlarında xalça istehsalı emalatxanaları binalarının tikintisi və infrastrukturunun yaradılması sürətlə davam etdirilir.  2019-cu ildə Azərbaycanda daha 10 xalça fabriki yaradılacaqdır”.

Müəllif  qeyd edib ki, bu işləri həyata keçirərək Azərbaycan dövləti öz milli sərvətinə və dəyərlərinə sahib çıxır, xalçaçılıq sənətini yaşadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: