“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

163

“newtimes.az” portalında oktyabr ayında İrəvanda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün keçirilməsinin həm mahiyyət, həm də kontekst baxımından yanlış olduğu barədə “Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri” sərlövhəli analitik məqalə dərc edilib. NUHÇIXAN məqaləni təqdim edir:

Məlum olduğu kimi, dünyanın 5 fərqli qitəsindən 890 milyon insanın yaşadığı 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın Nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasının və fəaliyyətinin əsas prinsiplərini təşkil edir.

Elə əsl problem də buradan başlanır. Tədbirin Ermənistanda keçirilməsi iki nöqteyi-nəzərdən yanlışdır: birincisi mahiyyət, ikincisi isə kontekst baxımından.

Belə ki, əsası humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qoyulmuş bir Təşkilat XX əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövlətin ərazisində nəinki özünün zirvə görüşünü keçirtməklə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət etmişdir.

BFT-nin növbəti zirvə görüşünün başqa bir ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozmuş, ərazisinin bir hissəsini uzun illərdən bəri işğal etmiş, minlərlə günahsız insanı qətlə yetirmiş bir dövlətin ərazisində keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərə və prinsiplərə ciddi ziddiyyət təşkil edir. Axı soyqırımı törətmiş, təcavüzkar, terrorist bir dövlətlə bu təşkilata üzv olan digər dövlətləri bir-biri ilə hansı “ortaq dəyərlər” yaxınlaşdıra, bağlaya bilər?

2010-cu ildə İsveçrənin Montrö şəhərində keçirilmiş zirvə görüşündə təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etmiş və qətnamədə iştirak edən dövlətlər ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini və münaqişənin sülh yolu ilə həll olunmasını vurğulamışdılar.

Həmçinin təşkilat üzvlərinin ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıması faktı xüsusi qeyd edilməlidir. Belə ki, BFT üzvləri Rumıniya və Cibuti, həmçinin təşkilata müşahidəçi dövlətlər Meksika, Sloveniya, Bosniya və Herseqovina Xocalıda baş vermiş qətliamı rəsmi şəkildə soyqırımı kimi tanımışlar. Bununla yanaşı, üzvlərin bir qismi Avropa Şurasında və digər bir qismi İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləmişdir. Hər iki təşkilata üzv dövlətlərin mötəbər bir təşkilatın işğalçı bir dövlətin ərazisində keçirilən zirvə görüşündə iştirakı təəccüb doğurur və həmin dövlətlərin əvvəlki siyasi bəyanatları ilə ziddiyyət təşkil edir.

Onu da nəzərə almaq lazımdır ki, BFT təməlində adından göründüyü kimi, fransız dili durur. Görəsən Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində yoxsul vəziyyətdə yaşayan və güzaranının qeydinə qalan Aşot dayı ilə Hayqanuş xala nə vaxtdan frankafon olublar? Faiz hesabı ilə götürsək Ermənistanda əhalinin bəlkə də 0,01 faizi fransız dilində danışar və ya danışmaz. Özü də hələ hansı səviyyədə? Bu bir əlavə sualdır.

Bununla yanaşı, siyasi və iqtisadi böhranla üzləşmiş Ermənistan dövlətinin zirvə görüşünü uğurla təşkil etməsi və iştirakçıların təhlükəsizliyini təmin edə bilməsi ciddi şübhələr doğurur. İqtisadi baxımdan, Köçəryan-Sarkisyan mafioz rejimi iqtidarda olduğu dövrdə aparılan təcavüzkar siyasət nəticəsində ölkəni təcrid vəziyyətinə salıb, dövlətin olub-qalan büdcəsini tamamən talayıb. Bunun nəticəsidir ki, Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Sıravi erməni vətəndaşlar ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda nökərçilik edirlər. Ermənistan dövləti isə xarici ianələr hesabına mövcudluğunu davam etdirir. Belə bir vaxtda bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Bu səbəblə xalq bu qədər istənməyən qonağın onların çörəklərinə şərik çıxmasına narazıdır. Lakin Ermənistanda hökm sürən diktatura rejiminin xofu onlara narazılıqlarını ifadə etməyə əngəl olur.

İctimai-siyasi baxımdan, Sarkisyan mafioz rejiminin devrilməsinə baxmayaraq yeni hakimiyyətin ölkədə “mütərəqqi” dəyişikliklər etməsi arzusu həm hökumət daxilində həm də parlamentdə olan oliqarx qüvvələrin təzyiqi ilə reallaşmamış və ölkəni daha ağır vəziyyətin astanasına gətirmişdir. Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasındakı telefon danışığı yeni hökumətin demokratiya və yenidənqurma pərdəsi altında həyata keçirdiyi siyasətin iç üzünü göstərir. Paşinyan hakimiyyəti dövründə Ermənistan nəinki irəliyə bir addım atıb, hətta ölkə dərəbəyliyə və xaosa sürüklənib. Ölkədə kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən bir dövlət bu qədər qonağın təhlükəsizliyini necə təmin edə biləcək? Tək-millətli və tək-dinli bir cəmiyyət bu qədər fərqli etnik struktura, inanca, dünya görüşünə malik insanlara nə qədər dözümlülük göstərə biləcək? Təhlükə hiss etdikdə öz xalqını belə gülləboran etməyə çəkinməyən Ermənistan güc strukturları nümayəndə heyətinin qeydinə qalacaqmı?

Əldə olunan məlumatlara görə, hər hansı böyük tədbirə ev sahibliyi etmək təcrübəsi və logistika imkanları olmayan Ermənistan və xüsusilə paytaxt Yerevan şəhəri ciddi çətinliklər məngənəsindədir. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır. Tədbirə hazırlıq məqsədilə bu ölkəyə gələn yüksək səviyyəli nümayəndə heyətlərindən biri gündüz vaxtları Yerevan küçələrində soyğunçuluğa və zorakılığa məruz qalıblar. Yerli polisə müraciət edən xarici nümayəndə heyəti polislə kriminal qrupların əlbir fəaliyyət göstərdiyi qənaətinə gəlib. Etik qaydalardan çıxış edərək bu nümayəndə heyətinin hansı ölkəni təmsil etməsi barədə məlumat vermirik. Digər bir halda isə öz ölkəsinin rəhbərinin səfərini hazırlamaq üçün Yerevana gələn protokol rəsmilərinin mehmanxana otaqlarından demək olar ki, hər şeyləri oğurlanmışdır. Əksər ölkələr öz dövlət və hökumət başçılarının həyatını təhlükə altına qoymamaq və ya “sürpriz” hallarla üzləşməmək üçün bu tədbirdə aşağı səviyyəli nümayəndə heyətləri ilə təmsil olunmaq qərarına gəliblər.

Bundan başqa, tədbirin özü də müəmmalarla doludur. Məlum olmuşdur ki, təşkilat üzvləri arasında yekun sənədlə bağlı fikir ayrılıqları yaranmışdır və yekun sənədin qəbul edilməmə ehtimalı yüksəkdir. Digər tərəfdən, istisna edilmir ki, Ermənistan hər zamankı kimi təxribatçı əməllərə əl atmağa, tədbirin gündəliyinin siyasiləşdirilməsinə çalışa bilər. Nəzərə almaq lazımdır ki, Sammitdə iştirak edən üzv dövlətlər arasında Azərbaycana dost münasibətdə olan İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri də vardır. Bu mənada Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Lakin Avropa Şurası və İƏT-ə üzv, eləcə də digər dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistan hakim dairələrinin Azərbaycana qarşı propaqanda məqsədli addımına mane olacaqdır. Elə Frankofoniya təşkilatının lideri hesab olunan Fransa özü Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın özündə belə bir təxribatçı addımı əngəlləyən əsas ölkə olacaqdır. Bu isə Fransanı özünə qardaş hesab edən Ermənistanın özü üçün ən böyük zərbə olacaqdır.

Newtimes.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: