Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub

350

Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində sentyabrın 23-də Naxçıvan Biznes Mərkəzində olublar.

NUHÇIXAN xəbər verir ki, qonaqlar əvvəlcə Biznes Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə 94 müəssisə tərəfindən 192 növdə 1000-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Muxtar respublikadakı iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Araz Holdinq”, “Cahan Holdinq”, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub. Mərkəzdə “İslam -Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqosunun əks olunduğu yerli məhsullar və əl işləri də nümayiş etdirilir.
Sonra qonaqlarla Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələrinin və naxçıvanlı sahibkarların görüşü olub.
İqtisadiyyat naziri Famil Seyidov bildirib ki, muxtar respublika ötən illər ərzində böyük inkişaf yolu keçib, burada istehsal olunan ümumi daxili məhsulun həcmi 1995-ci illə müqayisədə 62 dəfə artaraq 2 milyard 700 milyon manata çatıb. Onun adambaşına düşən həcmi isə hazırda 5990 manatdır. Hazırda muxtar respublikada 987 kiçik və iri istehsal sahəsi fəaliyyət göstərir ki, onların da 442-i sənaye, 545-i kənd təsərrüfatı təyinatlıdır. Naxçıvanın kənd yaşayış məntəqələrində 730 istehsal müəssisəsi yaradılıb. Bu müəssisələrdə 382 növdə məhsul istehsal olunur.
Diqqətə çatdırılıb ki, ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 460 milyon ABŞ dolları olub, bunun 423,2 milyon ABŞ dolları ixracın payına düşür. Naxçıvandan elektrik enerjisi, mineral sular, daş məhsulları, metal məmulatları, sement, məsaməli beton, meyvə şirələri, ət məhsulları ixrac edilir, hər il genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Bütün bu nəticələrə görə, Azərbaycan Respublikasının 10 iqtisadi regionu içərisində Naxçıvan Muxtar Respublikası ölkə Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün investisiya reytinqinin lideri olub.
Nazir onu da qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının iş adamları Avropa İttifaqına üzv ölkələrin biznes nümayəndələrinin də qatıldıqları 76 müxtəlif işgüzar tədbirdə iştirak ediblər. Son illərdə Naxçıvanda istifadəyə verilən istehsal müəssislərinin əksəriyyətində Almaniya, Fransa, Avstriya, Belçika, İtaliya, Polşa, İspaniya, Macarıstan kimi Avropa İttifaqının üzvü olan ölkələrin yeni texnoloji avadanlıqları tətbiq olunur.
Kənd təsərrüfatı naziri Bəhruz Bayramov bildirib ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Aqrar sahəyə verilən güzəştli kreditlər, taxıl və soyuducu anbarların, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının yaradılması muxtar respublikada kənd təsərrüfatının inkişafını təmin edib. Bu sahədə əldə olunmuş nailiyyətlərin göstəricidir ki, ötən il muxtar respublikadan tələbatdan artıq – 101 milyon 478 min ABŞ dollarından çox kənd təsərrüfatı məhsulları ixrac olunub.
Sonra Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək deyib ki, bu qurumla Azərbaycan arasında 1996-2003-cu illərdə qarşılıqlı əlaqələrin inkişafı barədə müqavilələr bağlanıb. Hazırda Avropa İttifaqı Azərbaycanını ən böyük (2017-ci ildə 35 faiz olmaqla) ticarət tərəfdaşıdır. Aİ Azərbaycanın neft və qeyri-neft sektorunda da ən böyük investordur. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 385 şirkəti fəaliyyət göstərir.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin əməliyyatlar üzrə koordinatoru Ülviyyə Abdullayeva son illər Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb. Avropa İttifaqı dəstəkli “Twinning” layihəsi üzrə 2007-ci ildən indiyə qədər 50-yə qədər layihənin reallaşdırıldığı, 2008-ci ildən TAIEX layihəsi üzrə 162 tədbirin keçirildiyi diqqətə çatdırılıb.
Sonra Latviya, Xorvatiya və Bolqarıstanın səfirləri çıxış edərək Naxçıvan Muxtar Respublikası ilə ölkələri arasındakı iqtisadi əlaqələrin perspektivlərindən danışıblar.
Sonda tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından bəhs edən sənədli filmə baxıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: