Salnamələr, bilməcələr, bəzəmələr bu gün də uşaq folklorunun bəzəyidir

223

Hər sözün bir yaranışı, bir keçmişi var deyərlər. Və bir də deyərlər ki, xalqın dediyi hər sözdə bir dünya var. O dünyanın içərisində bir elin, bir obanın dağ kimi bir söz xəzinəsi qorunar, illərin, əsrlərin yadigarları yaşadılar. Bu yadigarları yaradan ağsaqqal, ağbirçək, ahıl, cahıl, bir də uşaq dünyası varmış. Uşaq dünyasından ilham alaraq pərvazlanan söyləmələr, sanamalar, cırnatmalar, tapmacalar, dolamalar və başqa folklor nümunələrini bu gün də uşaqlar əzbər öyrənirlər. Sözə sahib olduğu  vaxtdan üzü gələcəyə doğru zamanla qoşa irəliləyən müdriklərimiz zaman keçdikcə sözlərlə  zəngin folklor xəzinəsini yaratdı və onu millətinin, dövlətinin  davamı, gələcəyi olan övladının qanına, canına hopdurdu. Yüksək bədiilik, hikmət, sehr, möcüzə, fantaziya düzümlü-biçimli bədii sözlər uşaq hələ beşikdə ikən böyüklərin ağzından çıxaraq onların iliyinə süzülür.

Uşaq dünyaya göz açan gündən folklor nümunələri ilə qarşılaşır. Nənələrin, bibilərin, xalaların həzin mahnısı ilə əzizlənir, anaların şirin laylası ilə yuxuya gedir, eləcə də yuxudan oyanarkən “duzlu” oxşamalar onun ruhuna hakim olur. Məzəli oyunlarla, əyləndirmələrlə əl-qol açır, nəvaziş dolu oxşamalar onun gül çöhrəsində təbəssüm yaradır. Yanıltmaclarla dil açır və beləcə, həyatın “mənəvi nemətlərindən” ilk payını alır. Xalq poeziyasının sıra-sıra düzülən  inciləri anaların-nənələrin, qız-gəlinlərin dodaqlarında misra-misra nəğməyə dönərək yırğalanan naxışlı beşiklərin tıqqıltısına qarışır, körpələrin yuxusunu şirinləşdirir. Zəngin folklor nümunələrimiz uşaq ilk addım atanda, dil açıb danışanda, yeyib-içəndə, geyinib-keçinəndə, oynayanda, nəhayət, əli qələm tutanda, kitab-dəftərini qoltuğuna vurub məktəbə yollananda da onları müşayiət edir. Yad təsirlərdən qoruyur, həyat yoluna bir işıq saçır. Poetik şifahi xalq yaradıcılığı nümunələri uşaq anadan olan gündən onu addımbaaddım izləyir, onun məsləhətçisi, yolgöstərəni, həyat müəllimi olur. Bir sözlə, körpələrin sağlam, gümrah, mərd, ürəyitəmiz, vicdanlı böyümələrində el sözünün, el hikmətinin rolu əvəzolunmazdır. Bu mənada xalq yaradıcılığı bulağından su içməyən körpələrə rast gəlməmək mümkün deyil.

Folklor həm də uşaqların hərtərəfli inkişafına və yaradıcılıq qabiliyyətinin formalaşmasına böyük təsir göstərir. Böyüklərin oxuduqları mahnılarla ovuna-ovuna, nağıllarla sehr, möcüzə aləminə qovuşa-qovuşa, tapmacalarla düşünə-düşünə onlar yaratmaq, söz demək həvəsinə düşürlər. Görkəmli rus uşaq yazıçısı Korney Çukovskinin sözləri ilə desək: “…İki və daha böyük yaş dövründə uşaqlar özləri də yaratmağa başlayırlar və həqiqi folklor incilərinin yaradıcısı olurlar”. Uşaqların yaradıcılığı bütün zamanlarda böyüklərin yaradıcılığı ilə yanaşı inkişaf etmişdir, bir nəsildən başqasına ötürüldükcə bəzən yaşlılar və ya uşaqları tərəfindən dəyişdirilib yeni formaya salınmışdır. Məhz buna görə bir çox hallarda uşaq folkloru böyüklərə aid nümunələrin içərisinə qarışmışdır. Bu gün bir sıra yanıltmacların, düzgülərin uşaqlar, yoxsa böyüklər tərəfindən yaradıldığını  müəyyənləşdirmək çətindir

Uşaq dünyası rəngarəng olduğu kimi, yaradıcılığı da tükənməzliyi ilə özünəməxsusdur. Zəngin xalq yaradıcılığı xəzinəsində dil və üslub xüsusiyyətlərinə, formasına, məzmununa görə tamamilə fərqlənən elə nümunələr var ki, onlar yalnız uşaqların yaradıcılıq təxəyyülünün məhsuludur. Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının böyüklər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaqların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istəklərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilib-düzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünyabaxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın. Uşaq folkloru həm böyüklərin,  həm də uşaqların yaradıcılığı hesabına zənginləşir. Bədbinlik, inamsızlıq, ümidsizlik, nigarançılıq, kədər uşaq folkloruna tamamilə yaddır. Onun əsas “qida mənbəyi”ni  sevinc, fərəh, xoşbəxt gələcəyə inam, nikbin əhval-ruhiyyə təşkil edir.

Uşaq folkloru uşaqların başa düşmədiyi ifadələrlə və təsvir vasitələri ilə yüklənmir. Məsələn, uşaqlar xoşlamadıqları oyuncaqları ya əllərinə götürmür, ya da tezliklə sındırıb atırlar. Onların ədəbiyyata, folklora münasibəti də belədir. Zövqlərini oxşamayan bədii əsərləri yaddaşlarına həkk etmir, eşitmək istəmir və aralarında yayıb yaşatmırlar. Onlar oyunlarla bağlı yaranan xalq yaradıcılığı nümunələrinə daha çox meyl göstərirlər. Buna görədir ki, uşaq  folklor nümunələrinin yaşama səbəblərindən biri  elə onların həmişə uşaqlar tərəfindən sevilə-sevilə  əzbərlənməsi olub. Böyüklərin təsiri olmadan onları əzbərləmələri və müxtəlif məhəllə oyunlarında birlikdə söyləmələri onlarda xalq yaradıcılığına olan dərin və böyük məhəbbətin göstəricisidir.

Lap körpə ikən sanamalara, oxşamalara, laylalara, nağıllara, bayatılara, alqışlara, qarğışlara, düzməcələrə, bilməcələrə  mehr salıb, onlarla yuxuya gedən, onlarla  böyüyən  uşaqlar bu günə kimi uşaq folklorunun əvəzsiz nümunələrini  yaşadıblar. Uşaqlar dünyaya həmişə nağıl kimi baxır, dünyanın enini, uzununu, şirinini, acısını, qəmini, kədərini sevincini  əfsanədə, nağılda, laylada, oxşamada, tapmacada, gülməcədə gəzir, görür, boy atıb, yaşa dolur. Övladdan-övlada, nəsildən-nəslə keçərək bu günümüzə kimi gəlib çatdığı və ən dəyərli əmanət kimi qorunduğu üçün xalqın yaratdıqları  yaşayır. Anaların, nənələrin, ataların, babaların yanında böyüyən, pərvaz eləyən körpələr də böyükləri kimi sözü-sözə uydurub, uşaq ağlı, uşaq istəyi ilə  folklor nümunələri yaradıblar. Bu folklor nümunələri indi də uşaqların qaçdı-tutdu oyunlarında həmişə eşidilir.

Uşaq folklorunda cırnatmalar, dolamalar, bəzəmələr də uzun bir tarixi yol keçib və elə uşaqların dilində, yaddaşında yaşayaraq günümüzə qədər gəlib çatıb. Cırnatmalar əsasən adla bağlı uydurulmuş sözlərin deyilməsidir. Məsələn:

Adın nədir?

    -Məşədi.

     Qulaqların şeşədi.

    Adın nədi?

    -Cümşüddü,

    Mısmırığın düşübdü.

Dolamalar isə uşaqların bir-birinə hansısa bir sözün deyilməsi zamanı ona uyğun dolama tapıb deməsidir.

Uşaqlar arasında bəzəmə demək də çox maraqlı və cəlbedicidir.

Dağda nə var?-Darılar.

     Bağda nə var?-Barılar.

     Yolda nə var?-Yumrular.

     Kolda nə var?-Qumrular.

     Çayda nə var?-Çaydaşı.

     Göldə nə var?-Gölquşu.

     Hər birimizin ömür yolunun başlanğıcı olan uşaqlığımızdan yaddaşımızda, ürəyimizdə qalanlar elə o oyunlar və orada söylənən folklor nümunələridir. Qaçdı-tutdu, gizlənqaç, gözbağlıca, yeddi daş, qərcimədaş, bənövşə, çilingağac, dəsmal aldı, qaç və sair kimi oyunların sevinci, ağrısı, acısı olan sözlər saya gəlməz, qələmə sığmaz. Elə buna görə də  bizə qalan söz yadigarlarından bu gün də sevə-sevə danışırıq. Könül dünyamızın bəzəyi olan söz naxışları tez-tez yada düşür. Hara getsək, harada bir yerə toplaşıb oyunlar oynayan uşaqlar görsək, yenə  də, xəyalımız bizi qayğısız uşaqlığımıza və o sözlərin ağuşunda əyləndiyimiz, deyib-güldüyümüz günlərə  qaytarır.  Çünki o illərdə keçmişimizin izləri var. O illərddən bu günə gələcəyimiz formalaşıb. Ona görə də ilmə-ilmə sıralanan folklorumuzun, söz sərvətimizin bir ucu burda, bir ucu tarixin dərin qatlarındadır. Folklorumuzun tarixin dərin qatlarından boylanan nümunələrini yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur.

Tərifə Məmmədova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: