Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbinin məzunları üçün andiçmə mərasimi keçirilib. Məktəbin ilk hazırılıq kursunu 16 nəfər gənc polis əməkdaşı bitirib.
NUHÇIXAN xəbər verir ki, Dövlət Bayrağı Muzeyində keçirilən mərasimdə nazirliyin şöbə rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov, məktəbin rəisi, polis polkovniki Vahid Qarayev çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Diqqətə çatdırılıb ki, insanların asayişdə, sabitlikdə və əmin-amanlıqda yaşamasını təmin etmək çətin və məsuliyyətli bir işdir. Bu gün Azərbaycan polisi öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Azərbaycanda, eləcə də muxtar respublikada hüquq-mühafizə orqanlarına hərtərəfli dövlət qayğısı göstərilir. Buna görə də hər bir polis əməkdaşı öz andına sadiq qalmalı, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirilməli, peşəkarlığını daim artırmalıdırlar.
Çıxışlardan sonra məzunlar Azərbaycan Respublikasına və onun xalqına sədaqətlə xidmət edəcəklərinə and içiblər. Sonda muzeyin ekispoziyasına baxış olub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 5 mart 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbin bazasında Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında Fərman imzalayıb.
Röyal Kərimov
NTV Xəbər