Naxçıvan Dövlət Musiqili Dram Teatrı 136-cı teatr mövsümünü açıb

149

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 136-cı teatr mövsümünü Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Əli və Nino” tamaşası ilə açıb.

NUHÇIXAN xəbər verir ki, yeni teatr mövsümünün açılışı münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova yeni mövsümdə Naxçıvan teatrının öz ənənələrini davam etdirərək gözəl səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcəyini bildirib.

“Bu gün Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər bu diyarda teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib” – deyən nazir vurğulayıb ki, bu gün Naxçıvanda fəaliyyət göstərən teatrlar tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Nazir deyib ki, müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv tariximizin və milli dəyərlərimizin daşıyıcısına çevrilib. Üç əsrin şahidi olan Naxçıvan teatrında səhnəyə qoyulan tamaşaların müasirlik kontekstində təqdimatı tamaşaçı zövqünün formalaşmasına xidmət edən amillərdəndir.

Diqqətə çatdırılıb ki, 2012-ci il fevral ayının 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla bərabər, həm də bu sahəyə göstərilən diqqət və qayğının ifadəsidir.

Sonra “Əli və Nino” tamaşası göstərilib.

Əsər 1914-1920-ci illərdə Bakıda baş verən hadisələri tam dolğunluğu ilə özündə əks etdirir. Avropa və Asiyanın arasında yerləşən bu şəhərdə mədəniyyətlərin, sivilizasiyaların kəsişməsi, Azərbaycan xalqının tolerantlığı öz əksini tapıb.

Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyevin quruluş verdiyi tamaşada teatrın tanınmış artistləri ilə yanaşı, gənc aktyorları da maraqlı obrazlar yaradırlar.

Tamaşanın quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov dövrün koloritini canlandırmağa çalışıb. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovun musiqi tərtibatı da hadisələrlə səsləşir. Tamaşada görkəmli bəstəkarlarımız Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və başqalarının musiqisi ilə yanaşı, gürcü, tatar melodiyalarından da istifadə edilib.

Əli Rzayev

“Şərq qapısı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: