Quranı şərh edən ilk alim-Baba Nemətullah Naxçıvani
AMEA Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev sufi şeyxlərindən olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığından danışıb. Bildirib ki, böyük mütəfəkkir “Quran”ı təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. O, təsəvvüf və təfsir sahəsində əsərlər qələmə alıb.
Diqqətə çatdırılıb ki, Baba Nemətullah Naxçıvani həyatının çox hissəsini Naxçıvanda, sonralar isə Təbrizdə və Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində yaşayıb. Alimin adına Konya valiliyinin təşəbbüsü ilə Ağşəhərdə məktəb tikilib.
Vurğulanıb ki, Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etmədən yazdığı (“Əl-Fəvatihül İlahiyyə vəl Məfatihül Qeybiyyə”) “Quran” təfsir kitabı üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncü cilddə isə 81 surənin təfsiri və şərhi yer alıb. Əsərin orijinalı İstanbulda Topqapı Sarayı III Əhməd Xan Kitabxanasında mühafizə olunur.
Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun tapşırığı ilə sözügedən əsərin üç cildi cari ildə bölmə əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən tərcümə edilib.
Tədbirdə bölmənin digər əməkdaşlarının Baba Nemətulah Naxçivaninin həyatı və yaradıcılığı ilə bağlı müxtəlif mövzularda məruzələri dinlənilib.