Səs İnformasiya Agentliyi - 10

281

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) yaranmasının 10 illiyi tamam olur. Bu münasibətlə yubiley tədbiri keçirilib. NUHÇIXAN-ın  məlumatına görə, tədbirdə millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Səs İnformasiya Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib. Tədbiri giriş nitqi ilə açan SİA-nın baş direktoru Bəhruz Quliyev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, “Səs” qəzeti Azərbaycanın müstəqilliyinin ilk çətin illərində ərsəyə gəlib. “Xəbərlərin cəmiyyətə operativ çatdırılması baxımından SİA bir nümunədir. Arzu edirik ki, SİA daim yenilənsin, inkişaf etsin, cəmiyyəti informasiya ilə təmin etsin”. Tədbirdə çıxış edənlər  Səs İnformasiya Agentliyi hadisələr barədə cəmiyyətə operativ informasiya verən bir agentlik və Azərbaycan media tarixinə öz adını qızıl hərflərlə yazdıran bir Media Qrupu kimi qiymətləndiriblər. NUHÇIXAN da tərəfdaşı olan , Azərbaycan məkanında öz sözünü deyən , dövlətçilik prinsiplərinə həmişə sadiq qalan Səs İnformasiya Agentliyinin yaradıcı kollektivini yubiley münasibəti ilə təbrik edir. Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyevin 10 illik fəaliyyətləri ilə bağlı açıqlamasını öz oxucularımıza təqdim edir:

Bu gün Səs İnformasiya Agentliyinin 10 yaşı tamam olur: “Bu gündən danışarkən SƏS qəzetinin tarixinə ekskursiya etmək vacibdir. Çünki Səs İnformasiya Agentliyi məhz “Səs” qəzetinin bazasında yaranmış bir resursdur. Xatırlatmaq üçün qeyd etmək istərdim ki, “Səs” ictimai-siyasi qəzeti 1990-cı ilin noyabrında “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Fəaliyyətə başladığı dövrdən sevilərək 35 min tirajla nəşr edilib. “Səs” qəzeti mürəkkəb bir dövrdə zərurətdən yaranıb və ölkə ziyalılarını və ulu öndər Heydər Əliyev sevərləri öz ətrafında cəmləyib. Qəzet Ulu Öndərin fikir və ideyalarını xalqa, xalqın sevgisini isə öz liderinə çatdırmaqla yanaşı, cəmiyyətdə maarifləndirici rol oynayıb”.

O qeyd edib ki, 1992-ci il oktyabrın 16-da ölkənin tanınmış ziyalılarının Heydər Əliyevə müraciəti və oktyabrın 24-də ulu öndərin həmin müraciətə cavabı da “Səs” qəzetində dərc olunub:

“Halbuki bir sıra mətbu orqanlar həmin tarixi müraciəti dərc etməkdən çəkinirdilər. Amma “Səs” qəzeti heç nədən çəkinmədən, təqib və təzyiqlərdən, redaksiyaya hücumlardan qorxmadan ulu öndər Heydər Əliyevin milli maraqlara söykənən fikirlərini geniş oxucu kütləsinə çatdırırdı. Eləcə də sağlam fikirli ziyalıları bir araya gətirən “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının yaranmasında baza rolunu oynayıb. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb”.

B.Quliyev vurğulayıb ki, ümummilli lider hakimiyyətə gəldikdən sonra isə məhz bu xidmətlərinə görə “Səs” qəzetini özünün doğma qəzeti adlandırıb və qeyd edib ki, “Səs” qəzeti tarixə düşmüş bir qəzetdir:

“Dahi öndər Heydər Əliyevin Prezident seçilməsindən və YAP-ın hakimiyyətə gəlişindən sonra qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqqında müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri dərc olunub. Həmçinin dövlətin, prezidentin və partiyanın fəaliyyəti haqqında xəbərlərin, dünyada və ölkədə yaşanan proseslərin ictimaiyyətə çatdırılması missiyası davam etdirilib”.

Baş direktor deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində mətbuatımız özünün inkişaf mərhələsinə qədəm qoyub:

“Müstəqil Azərbaycanın ilk mətbu orqanı olan “Səs” qəzeti və bu gün 10 illik yubileyini qeyd etdiyimiz “Səs” İnformasiya Agentliyi də dövlətimizin yaratdığı geniş inkanlardan bəhrələnməklə öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun qura bilib. “Səs” qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Başqa sözlə, “Səs” xalqın dəstəklədiyi Yeni Azərbaycan Partiyası ilə ortaq tarixi inkişaf yolu keçib, həlledici məqamlarla partiyanın məqsəd və məramlarının geniş ictimaiyyətə çatdırılmasında müstəsna rol oynayıb. Ona görə də bu qəzet həm də xalqın və YAP-ın mətbu carçısı kimi qiymətləndirilməkdədir”.

B.Quliyev qeyd edib ki, “Səs” qəzeti yarandığı gündən yenilənməyə meyilli olub, daim inkişafda olub və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb:

“Qəzet modernləşərək öz bazasında Səs İnformasiya Agentliyini və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün Səs İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Agentliyin ölkəmizin regionlarında olduğu kimi, Türkiyə, Rusiya, Gürcüstan, Misir və digər ölkələrdə də müxbir postları fəaliyyət göstərir. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəsti-xətti, öz yeri var. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyaya sahiblənə bilib, onun öz oxucu və tamaşaçı auditoriyası var”.

B.Quliyev bildirib ki, SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir: “SİA-da, yaxud SƏS TV-də günün tələbinə aid hər hansı bir problemə elə həssaslıqla toxunulur ki, sonradan bu amil həm auditoriyamızda, həm də ictimaiyyətdə uzun illər unudulmayacaq hisslər doğurur. Hazırda agentliyin redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Dövlətimizin yaratdığı imkanlardan bəhrələnməklə əməkdaşların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilən binadan ümumilikdə “Səs” ailəsinin 10 əməkdaşı mənzillə təmin olunub.

Son olaraq onu demək istəyirəm ki, biz ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin “Səs” qəzeti haqqında söylədiyi kəlamları rəhbər tutaraq, fəaliyyətimizi davam etdirib ənənəvi qəzetçilik mövqeyimizi qoruyaraq müasir dünyanın çağrışlarına cavab verməyə çalışacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: