Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.
Eyni zamanda, ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil. Son dövrdə tələbələrimizin bir sıra xarici ali təhsil müəssisələri tərəfindən “məsafədən təhsil” adı ilə həmin ali məktəbin digər ölkələrdəki filiallarına köçürülməsi halları da aşkarlanıb.
Bu barədə NUHÇIXAN-a Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, yuxarıda göstərilən təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyənləşdirilməsi (nostrifikasiyası) mümkün deyil.
Xaricdə ali təhsil almaq istəyən vətəndaşları təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa və təhsil alacaqları ali məktəbin yerləşdiyi ölkədə akkreditə olunduğuna diqqət etməyə çağırırıq.
Ölkə ərazisində tanınan əyani və qiyabi təhsilalma formaları üzrə müraciət qaydaları ilə Akkreditasiya və Nostrifikasiya İdarəsinin ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə tanış olmaq mümkündür.