Naxçıvanda Milli Musiqi Günü qeyd edilib

229

Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan musiqi sənətinin inkişafı üçün böyük işlər görülüb. Ulu Öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov və digər dünya səviyyəli sənətkarlarımızın yaradıcılığını yüksək qiymətləndirib, Azərbaycan musiqi mədəniyyətinin inkişafına daim böyük qayğı göstərib.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Milli Musiqi Günü münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova deyib.

“Ümummilli Liderin qayğısı ilə ölkəmizdə musiqi mədəniyyətinin inkişaf dinamikası sürətlənib, Azərbaycan bəstəkarlarının beynəlxalq əlaqələri genişlənib, respublikada müsabiqələr, nəzəri konfranslar, müəllif gecələri, mahnı bayramları təşkil olunaraq gənc nəslin musiqi-estetik tərbiyəsinə böyük diqqət yetirilib”, – deyən nazir vurğulayıb ki, bu gün ölkəmizdə musiqimizin inkişafı sahəsində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli musiqi ənənələrimiz yaşadılır.

Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Son illərdə bu sahədə görülən işlərin miqyası xüsusilə genişlənib. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün iş şəraiti təmin edilib.

Natəvan Qədimova deyib: Son illərdə muxtar respublikada 20-dən çox musiqi məktəbi inşa olunaraq və ya yenidən qurularaq öz qapılarını uşaqların üzünə açıb. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində fəaliyyətə başlayan konservatoriyanın ali təhsilli musiqiçi kadrların yetişdirilməsində müstəsna rolu var. Naxçıvan musiqi mədəniyyətinin təbliği istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan xalqının mədəni irsini yaşadan xalq musiqisi, qədim diyarımıza məxsus yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunur.

Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, musiqiçilərimiz dövlət mükafatları və fəxri adlarla təltif olunublar.

Nazir çıxışının sonunda mədəniyyətə, incəsənətə və musiqi sənətinə göstərilən diqqət və qayğıya görə bütün mədəniyyət işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra Milli Musiqi Gününə həsr olunmuş konsert başlayıb.

Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin ifasında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından, Fikrət Əmirovun “Azərbaycan” süitasından musiqilər səslənib. Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin, gənc müğənni Rahim Əsgərzadənin ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ariya və mahnılar alqışlarla qarşılanıb. Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov və Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov konsertdə xalq mahnılarımızı səsləndiriblər.

Bu il yaradılan simfonik orkestr Avropa bəstəkarlarının da musiqilərini tədbir iştirakçılarına təqdim edib. Konsert rəqs qrupunun “Odlar yurdu” rəqsinin ifası ilə başa çatıb.

Qeyd edək ki, Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində, mədəniyyət və təhsil müəssisələrində də tədbirlər keçirilib, konsert proqramları təşkil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: