Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı

132

Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsi münasibətilə keçirilən paradda dərin geosiyasi məna yükü olan fikirlər səsləndirildi. Azərbaycan və Türkiyə Prezidentləri söylədikləri nitqlərində hadisənin tarixi, mənəvi, siyasi, hərbi və geosiyasi çalarları haqqında məzmunlu tezislər ifadə etdilər. İki qardaş dövlətin əlaqələrinin inkişaf dinamikası ilə qlobal tərəqqinin dinamikasının ahəngdar olduğu söylənən fikirlərdən tam aydın idi. Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıqlarını regional və qlobal inkişaf naminə yeni səviyyələrə yüksəldirlər. Bakının əsarətdən xilas edilməsinin 100 illiyinə bu faktorlar kontekstində yanaşdıqda daha əhəmiyyətli məqamları görmək mümkündür. Həmin çərçivədə təntənəli tədbirin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac vardır.

100 il əvvəl: 2018-ci ildə Bakıdan baxış

Bakı daha bir tarixi gün yaşadı. Sentyabrın 15-də Azərbaycan paytaxtında təntənəli yubiley mərasimi – hərbi parad keçirildi. Türkiyə və Azərbaycan Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyini birgə qeyd etdi. Azadlıq meydanındakı yüksək tribunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdılar. Təmkinli, qürurlu, müdrik, millətinə və müstəqil dövlətçiliyə böyük sevgi ilə dolu iki Prezident – Qardaş! Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin rəmzi və nümayişi idi. Etnik mənada deyil, siyasi varislik, müasirlik, mədəniyyətlilik və geosiyasi mənalarda! Bu mesajı bütün dünya aldı!

100 il öncə Azərbaycan Milli Ordusu və Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ağır döyüşlərdən sonra Bakı şəhərini erməni daşnak və bolşevik qüvvələrinin əsarətindən azad etdi. Bu hadisə keçən əsrin ikinci onilliyində baş verdi. O zaman dünya qarışıq idi. Birinci dünya müharibəsi gedirdi. O müharibədə Osmanlı imperiyası məğlublar sırasında idi. Buna baxmayaraq, İstanbul hərbi yardım əlini qardaş Azərbaycana uzatdı. Qısa müddətdə minlərlə şəhid verməklə Qafqaz İslam Ordusu Bakını işğalçılardan təmizlədi.

Sovet dönəmində bu hadisə qeyd olunmurdu. Lakin insanların qəlbində Bakının işğaldan azad edilməsi xatirəsi yaşayırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə milli, mənəvi, siyasi-tarixi dəyərlərin dirçəlişi başladı. Müstəqil Azərbaycan üçün müqəddəs olan 15 sentyabr tarixi də öz layiqli qiymətini aldı.

Artıq bu hadisənin 100 illik yubileyi təntənəli surətdə bayram edildi. Məsələnin geosiyasi aspektdə əhəmiyyəti Azərbaycan və Türkiyənin əməkdaşlığının hazırkı vəziyyəti və onun regional və qlobal miqyasda təsirləri ilə bağlıdır. Məhz bu kontekstdə ekspertlər 100 illik yubileyi Azərbaycanla Türkiyənin birgə keçirməsini analiz etməyə çalışırlar. Burada çox dərin məna vardır.

Bakının işğaldan azad edilməsi tarixi Azərbaycanla Türkiyənin iki müstəqil dövlət olaraq geosiyasi-hərbi əməkdaşlığına təkan verən hadisə kimi qəbul edilməlidir. Bu təkanın özünəməxsus stimulyaradıcı xüsusiyyətləri vardır. Onlar indiki tarixi mərhələdə də geosiyasi müstəvidə aktuallıq kəsb edir.

Birincisi, Türkiyə və Azərbaycan 100 il əvvəl ədalət və müstəqillik uğrunda birgə savaşmışlar. O zaman Bakının azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Azərbaycanı parçalamaq istəyən qüvvələr müxtəlif üsullarla ölkəni tamamilə zəbt etməyə çalışırdılar. Bir tərəfdən ingilislər, digər tərəfdən isə erməni-bolşevik ittifaqı Azərbaycana hücum çəkmişdilər. Onlar öncə müəyyən uğur qazandılar da. Lakin sonradan Türkiyə ilə Azərbaycanın səyləri nəticəsində düşmən ölkədən tamamilə qovuldu və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.

İndi geosiyasi vəziyyət xeyli fərqlidir, lakin yenə də müxtəlif istiqamətlərdən Azərbaycana qarşı təxribatlar törədilir. Xüsusilə ermənilər havadarlarının yardımı ilə Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Və yenə də Azərbaycan-Türkiyə geosiyasi-hərbi əməkdaşlığı meydana gəlib. Təntənəli mərasimdə həm Azərbaycan, həm də Türkiyə Prezidentləri bu məqamı xüsusi vurğuladılar. Onlar Azərbaycan-Türkiyə əməkdaşlığının, dostluğunun və qardaşlığının geosiyasi-hərbi aspektlərini geniş izah etdilər (bax: Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər (AZƏRTAC, 15 sentyabr 2018).

Prezident İlham Əliyev geniş nitqində həmin bağlılıqda vurğulayıb: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun … Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır …

… bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir” (bax: əvvəlki mənbəyə).

Yüksək əməkdaşlıq nümunəsi: regional və qlobal tərəqqi naminə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da nitqində ayrıca vurğulayıb: “Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır” (bax: əvvəlki mənbəyə).

Bu, əslində, iki müttəfiq və hətta yaxın dövlətin ən yaxın əməkdaşlığından da böyük hadisədir. Ankara Bakının sevincini öz sevinci bilir, Bakının problemini də öz problemi kimi qəbul edir. Rəcəb Tayyib Ərdoğan bu bağlılıqda dünyaya açıq mesaj verdi: Dağlıq Qarabağ həm də Türkiyənin problemidir. Bunu belə bilmələri lazımdır.

Eyni zamanda, Türkiyə üçün problem sayılan hər bir hadisə Azərbaycan üçün də problemdir. Bütün bu mənfi hallara qarşı Azərbaycanla Türkiyənin birlikdə qarşı durduqlarını dünya dəfələrlə görüb.

Burada çox vacib olan bir məqamı qeyd etmək gərəkdir. Bakının işğaldan azad edilməsinin 100 illik təntənəli yubileyi də göstərdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və qlobal əməkdaşlığa tam uyğun olan formatda inkişaf etdirilir. Tədbirdəki nitqində Azərbaycan Prezidenti gətirdiyi konkret faktlarla bunu təsdiq etdi. Həyata keçirilən müxtəlif ortaq layihələrdən çoxlu sayda xalqlar faydalana bilir. Regional və beynəlxalq miqyasda onlarla dövlət həmin layihələrdən bəhrələnirlər. Eyni zamanda, Azərbaycan və Türkiyə hər bir dövlətlə əməkdaşlığa açıqdırlar. Burada Ermənistan ona görə istisnadır ki, o, Azərbaycan torpaqlarını işğal edib və oradan çəkilmək fikri yoxdur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konkret fikir ifadə edərək, Azərbaycanın torpaqları işğaldan azad edilməyincəyə qədər Ermənistanla sərhədlərin açılmasından söhbətin belə getməyəcəyini bəyan edib. Deməli, Ankara və Bakının yeganə tələbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini çıxarmasından ibarətdir. Bu, bütün beynəlxalq hüquq normaları çərçivəsində qoyulan haqlı tələbdir.

Beləliklə, Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən yubiley paradı heç də görünüşünə görə təntənəli deyildi. Bu tədbir Azərbaycanla Türkiyənin tarixi əlaqələrinin sivil, demokratik və liberal qaydalara uyğun olmasının nümayişi idi. İki qardaş ölkənin geosiyasi aspektdə beynəlxalq hüquq normaları çərçivəsində müstəqil dövlət olaraq tarixi keçmişi xatırlaması ilə yanaşı, gələcək əlaqələrin ümumi istiqamətlərini göstərmək baxımından da əlamətdar idi.

Dünya gördü ki, iki türk dövlətinin əməkdaşlığı əsl demokratiya nümunəsidir. Ankara və Bakı müasir dünyanın reallıqları çərçivəsində münasibətlərini inkişaf etdirirlər. Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev qürurla vurğulayır: “Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik … Biz bu gün əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəhidlərimizin məzarlarını ziyarət etdik. Onların məzarları yan-yanadır. Onlara Allahdan rəhmət dilədik, onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir …

… Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir … Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq. Keçən ilin oktyabrında əziz qardaşımın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirilmişdir. Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik. Nəzərə alsaq ki, bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir, ancaq birgə səylərimizlə biz buna nail ola bilmişik. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir … ” (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə Azərbaycan-Türkiyə əlaqələrinin bütün çalarları dolğun şəkildə öz əksini tapıb. Şübhə yoxdur ki, dünya bundan sonra da bu əlaqələrin yeni nümunələrinin şahidi olacaq!

Newtimes.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: