18 sentyabr Milli Musiqi Günüdür

Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir

214

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Azərbaycan musiqi mədəniyyəti zəngin və çoxəsrlik  tarixə malikdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdən Azərbaycan musiqisinin nəzəri məsələləri araşdırılmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazılmışdır. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.

Xalqımızın yaradıcılıq istedadını, özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, aşıq musiqimiz min illərin sınağından keçərək bu günə gəlmişdir. Bu gün zəngin musiqimiz dünyada sevilə-sevilə dinlənilir, könülləri fəth edir. Həmçinin ölkəmizdə yüksək pəşəkarlığı, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi də formalaşmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətləri olmuşdur. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan musiqisinə dünya şöhrəti qazandırmışdır. Onun zəngin milli və ümumbəşəri duyğuları əks etdirən əsərləri dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Üzeyir Hacıbəyov təkcə Azərbaycan professional musiqisinin banisi kimi deyil, həm də böyük alim, maarifçi, dramaturq, publisist, pedaqoq, ictimai xadim kimi Azərbaycan tarixində görkəmli yer tutur.

Qədim tarixə malik olan Azərbaycan musiqi sənəti ötən əsrin 70-ci illərində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov bu dövrdə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Muxtar respublika mədəniyyəti bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu yüksəlişin fonunda milli musiqi sənətinin də inkişafı təmin olunmuşdur. Son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 29 mart tarixli Sərəncamına əsasən musiqi ocağının yubileyi muxtar respublikamızda geniş qeyd olunmuş, binası əsaslı şəkildə yenidən qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 21 oktyabr tarixli Sərəncamına əsasən bu uşaq musiqi məktəbinin yubileyi də yüksək səviyyədə qeyd edilmişdir.

Musiqinin inkişafına göstərilən qayğı Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanlarını genişləndirmişdir. Bu gün muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülür. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış etmiş, musiqi kollektivlərinin və “Şərur” Xalq Yallı Ansamblının çıxışları maraqla qarşılanmışdır.

Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmişdir. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Son illər Naxçıvan şəhərinin Qaraçuq və Culfa rayonunun Bənəniyar, Şərur rayonunun Ələkli kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbi, Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunmuş, musiqi təhsilinin nümunəvi təşkili üçün hərtərəfli şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov demişdir: “Azərbaycan musiqisi xalqımızın zəngin mədəniyyətini və milli dəyərlərini bütün dünyaya nümayiş etdirir. Mərasim-məişət nəğmələrimiz, muğam və aşıq yaradıcılığımız, Naxçıvandakı Gəmiqaya abidələrində əks olunan yallı elementləri bir tərəfdən bəşəriyyətin ilkin melodiya və ritm sənəti haqqında məlumat verirsə, digər tərəfdən musiqi mədəniyyətimizin nə qədər qədim və zəngin olduğunu göstərir”.

Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmış, Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamında musiqi tədrisi sahəsində yeni imkanlar açmışdır. Sərəncama əsasən musiqi müəllimliyi, xalq çalğı alətləri ifaçılığı, fortepiano, musiqişünaslıq, dirijorluq və başqa ixtisaslar üzrə təhsil alan tələbələrin Mədəniyyət Nazirliyinə hamiliyə verilməsi tədrisin müasir səviyyədə qurulması imkanı yaratmışdır. Bu məqsədlə gənc musiqiçilərin peşəkar bəstəkar və musiqiçilərlə görüşləri təşkil olunur, onlar üçün ustad dərslər təşkil olunur, istedadlı tələbələrin solo konsertləri keçirilir.

Muxtar Respublikada son illər xalq musiqisinin, yallılarımızın, muğamlarımızın nota köçürülməsi sahəsində görülən işlər də bu qayğının ifadəsidir. “Naxçıvan-Şərur el yallıları”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Azərbaycan muğamları” və başqa dəyərli kitablar bunun nəticəsidir.

Muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülmüşlər.

Musiqi insanları bir-birinə yaxınlaşdırmaq, doğmalaşdırmaq gücünə malikdir. Bu gün Azərbaycan musiqisi dünyanın qəbul etdiyi sənət nümunəsidir. Zaman dəyişir, zövqlər dəyişir, əsl musiqi isə əbədi yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: