Elin yaddaşından

241

Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Muxtar respublikada yaşayan adət ənənələrimiz, milli mətbəximiz barədə yeni nə isə öyrənmək üçün üz tutdum Culfa rayonunun ən ucqar dağ kəndi olan Gala. Kənddə  maraqlı insanlarla  söhbətim zamanı doğurdan da yeni məlumatlar öyrəndim. Məsələn,  kəklikotu ilə kükü hazırlanmasının məhz bu kəndə məxsus olduğunu, soğan dolmasını hamının evində gündə bişən yeməklər sırasında olduğunu eşitmək mənim üçün maraqlı idi. Süfrəyə qonaq üçün qoyulan qurud əzməsinə  lavaş qurusunun doğranıb yeyilməsi buradakı insanların doğurdan da ağızlarının dadını bildiyini sübut edir. Kənddə dedilər ki, qışda evə gələn qonaq üçün hazırlanan ən ləziz yeməklərin sırasında ərik qurusundan olan qaysava, qovuddan  bişirilən xəşili uzun müddət yaddan çıxarmaq olmur. Qalın deyilən  şirin cörəyin, cəviz kökəsinin təndirə yapılması, həsli çörəyin, fəsəlinin bişirilməsi də ana-nənələrdən qalan yadigardır.

Gal kəndinin  ağbirçəyi Məhbarə Həsənova hələ də yaşayan dədə-baba adətlərindən  danışdı.  Dedi ki,  payız və qış aylarında  bu kəndin adamları  ya qonaq gedər, ya da qonaq qarşılar. Qonaq da  bu kəndin adamları -qohum, qonşu olar. Gecəni tən yarı edənə kimi olandan-qalandan  yeyib,  çay içib söhbət edib  yola verərlər. İstər gecə, istərsə də gündüz  heç kəsin qapısından qıfıl asılmaz. Çünki buna gərək görməzlər. Heç kəs qapısına gələn  toyuq-cücəni, qoyun-quzunu küçəyə ötürməz, çünki bilirlər ki, bir azdan sahibi axtara-axtara, soraqlaşa-soraqlaşa gəlib bu qapıya da çıxacaq.

Toyu, yası da dədə baba qaydası ilə keçirərlər. Toy olan evə hamı gücü  çatandan bir boğça düzəldib, xonça bəzəyib  gedər.

Hüzr yerində isə ilk gün yemək də, çay da qohum, qonşudan gələr.  Yemək ancaq kənardan gələn qonaqlara verilər. Ev yiyəsinə hamı həm maddi, həm mənəvi  kömək göstərər.

Bayram günlərində isə növbə ilə kənddəki evlərin hamısında  qonaqlıq keçirilər ki, hamı çox böyük həvəslə iştirak edər.  Bu qədər  humanizm, gözəl adət, ənənə Culfa rayonunun Gal kəndində hələ də qorunur və  yaşadılır.

Məhbarə ana elin-obanın adət-ənənəsini, milli mətbəxini övladlarına, nəvələrinə öyrətdiyi kimi şifahi xalq ədəbiyyatının da layla, bayatı, nağıl kimi gözəl nümunələrini də onlara danışır. Həmsöhbətim qədim el sənətinin də bilicisi kimi hörmət, izzət qazanıb. Hana uzatmaq, corab toxumaq,  yayda qışın yavanlığını hazırlamaq onun üçün adi bir işdır.

Hər bir xalqın əsrlər boyu  özünəməxsus olaraq  yaratdığı dəyərlər  onun mədəniyyəti və bütövlüyünün nümunəsidir. Xalqımızın əsrlərlə yaratdıqları  bu zəngin  xəzinə estafet kimi həmişə nəsildən nəslə   ötürülüb və günümüzə kimi yaşamaq haqqı qazanıb. Bir sözlə, kecmişimiz bizə gələcəyimizi göstərən yol xəritəsidir. Haradan gəlib hara gedəcəyimizi biz yalnız belə müəyyənləşdirə bilərik.

Elin yaddaşında yaşayanları üzə çıxarmaq,  tədqiq etmək sevgi ilə, istəklə görüləcək işdir. Yerindən, zamanından asılı olmayaraq yurdumuzun hər yeri- istər Gal, Şurut, istər Qazancı, istər Kolanı, Nursu, istər Teyvaz, Əylis olsun, hamısı bir tarixdi. Elin yaddaşında yaşayanlar isə  dəyərlidir, keçmişə bağlı bir ənənədir.  Ona görə də hansı yana üz tutsaq orda bir xəzinə  görərik.  Arzu edək ki ,   elimizin yaddaşında yaşayanlar evimizin yaddaşına yazılsın.

Şəhla Nəbiyeva

Naxçıvan radosunun əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: