İngilis tədqiqatçısı: Qırmızı rəngli qida məhsullarına böcəkdən alınan boya qatılır

85

İngilis tədqiqatçısı Emi Batler Qrinfield “Mükəmməl qırmızı” adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediyini yazıb.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, vətəni Cənubi Amerika olan böcəklər qida boyalarında istifadə olunur və bu məqsədlə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilərdən keks kremlərinədək bir çox qida məhsullarında mövcuddur. Xüsusilə Peruda sənaye üsulu ilə artırılan böcəyin əzilməsindən əmələ gələn qırmızı boya qadınların istifadə etdikləri pomadalara da qatılır.

Tədqiqatçı müəyyən edib ki, Karmin boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boya istiyə davamlıdır və rəngi solmur. Digər tərəfdən, mütəxəssislər böcəkdən əldə edilən qırmızı rəngin kimyəvi maddələrdən daha az zərərli olması qənaətindədirlər.

Emi Batler Qrinfieldin kitabında yazılır ki, qırmızı rəngli qida məhsullarının əlavələrinə diqqət etdiyiniz zaman “Karmin” sözünə rast gəlmək olar. Bəzi hallarda bu sözün əvəzinə Avropa İttifaqının kodu olan “E120” yazılır. Bir çox insanların bu boyaya allergiyası olsa da, ekoloji cəhətdən təmiz qatqı maddəsidir.

Hazırda dünyada Karmin böcəklərinin tədarükünün 95 faizi Peruya məxsusdur. Bu ölkədəki Karmin fermalarında 33 minə yaxın insan işləyir. Ötən il Peru 647 ton Karmin qida boyası ixrac edib və 46,4 milyon dollar gəlir əldə edib. Beş millimetr ölçüsündə olan bu böcəyi kaktus yarpaqlarından toplayırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: