Hər şirənin öz faydası var

175

NUHÇIXAN xəbər verir ki, təbii şirələr vitaminlər və mikroelementlərlə zəngindir. Sağlamlıq üçün çox faydalı olan bu içkilər immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir.

Şirələr tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlanır. Əvvəlcə meyvə və ya tərəvəz sürtgəcdən keçirilir. Alınan kütlə bir neçə qat tənzif parçadan süzülür ki, bu da bütün vitamin və mikroelementlərin şirədə qalmasını təmin edir.

Kök şirəsi insanın gözü və dərisi üçün faydalıdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir, həmçinin qastrit, kolit, enterokolit, mədə xorası xəstəliyinin simptomlarını aradan qaldırır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, qan təzyiqini yaxşılaşdırır və dərini təmizləyir. Diş və diş ətində də problem yarandığı zaman həmin şirədən istifadə etmək olar.

Çuğundur şirəsi qanı və damarları təmizləyir, hemoqlobini artırır, toksinləri orqanizmdən xaric edir.

Kartof şirəsi qan təzyiqini aşağı salır, qastrit, mədə və onikibarmaq bağırsaq xorası zamanı çox faydalıdır, baş ağrılarını aradan qaldırır.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var və o, hemoqlobini artırmağa kömək edir. Uşaqlar üçün də bu şirə çox faydalı hesab olunur. Balqabaq şirəsi böyrək və qaraciyər xəstəliyi zamanı da xeyirlidir.

Dəmirlə zəngin olan alma şirəsi ağciyəri və böyrəkləri təmizləyir, həzm prosesini tənzimləyir, toksinləri bədəndən xaric edir.

Portağal şirəsi qan-damar sistemi üçün əhəmiyyətlidir. Bu şirə qaraciyərin funksiyasını yaxşılaşdırır. Lakin mədə-bağırsaq sistemində problemi olanların həmin şirəni qəbul etməsi məsləhət görülmür.

C vitamini və kaliumla zəngin olan ərik şirəsi ürək üçün güclü təsir vasitəsidir, qanı toksinlərdən təmizləyir. Çox kalorili olması səbəbindən artıq çəkisi olanlara və şəkərli diabetdən əziyyət çəkənlərə bu şirəni içmək məsləhət deyil.

Ananas şirəsi arıqlamaq istəyənlərə kömək edə bilər. Onun tərkibində olan təbii maddə piyi əridir və orqanizmi cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olanlara yaxşı kömək edir.

Vitamin C ilə zəngin olan şaftalı şirəsi aritmiyadan əziyyət çəkənlərə məsləhət görülür.

Kaliumla zəngin gavalı şirəsi ateroskleroz, revmatizm kimi xəstəliklərin müalicəsində çox faydalıdır.

Qara qarağat şirəsi orqanizmə insulinə oxşar təsir göstərir, ona görə də şəkər xəstələri üçün çox faydalı hesab olunur. Bu şirə eyni zamanda immuniteti yaxşılaşdırır.

Qırmızı qarağat şirəsi revmatizm, qan-damar və mədə-bağırsaq sistemi xəstəlikləri zamanı çox faydalı hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: