Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xal-xal, Şonqar, Nehrəm Gölaltı, Uzunoba, Rüstəm meşələrində, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarında, Uzunoba gölü ətrafında, püstə bağı ərazisində, yaz mövsümündə əkilən ərazilərdə aqrotexniki tədbirlər davam etdirilib, suvarma və becərmə işləri aparılıb.
NUHÇIXAN xəbər verir ki, ötən ay 2 min kiloqramdan çox meyvə, meşə, həmişəyaşıl və gül toxumları tədarük edilib, payız əkinlərinin aparılmasına hazırlıq işləri görülüb.
Meşələrdə və digər təbiət ərazilərində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşələrə, yaşıllıqlara yaxın yaşayış məntəqələrində əhali ilə görüşlər keçirilib, maarifləndirici söhbətlər, təbiətə olan mənfi təsirlərin qarşısının alınması üçün 13 yoxlama-reyd aparılıb. Həmçinin istifadə edilən suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması və standartlara uyğunluğunun öyrənilməsi məqsədilə 9 monitorinq-yoxlama keçirilib.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar qida ehtiyatının yaradılması, meşə fondu ərazilərindən biçilmiş otların toplanaraq anbarlaşdırılması, daşduz ehtiyatının yaradılması, eləcə də payız əkin mövsümünə hazırlıq və digər tədbirlərin icrası davam etdirilir.