“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib
Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Fərmana əsasən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” təsdiq edilib. Dövlət informasiya ehtiyatları və sistemlərində müvafiq sahə üzrə toplanan məlumatların sistemliyini təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Elektron Hökumət İnformasiya Sisteminin ilkin olaraq aşağıdakı altsistemləri yaradılıb:
• Kommunal sahədə idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi;
• Sosial xidmətlər sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Sosial Xidmətlər Vahid İnformasiya Sistemi;
• Kənd təsərrüfatı sahəsində idarəetmənin təmin edilməsi üçün zəruri olan məlumatların toplanıldığı və emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və qeyd edilən sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Aqrar Xidmətlər Vahid İnformasiya Sistemi.
Bu Fərmana əsasən yaradılan Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Energetika Nazirliyi, Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Aqrar Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestri – “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”ni təşkil və aparılmasını təmin etməli, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli, dövlət informasiya ehtiyatları və sistemlərinin rəsmi statistik məlumatlarla təmin olunması məqsədilə Dövlət Statistika Komitəsinin müvafiq informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya edilməsini həmin Komitə ilə birlikdə təşkil etməlidir.
Fərmanda Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə də bir sıra tapşırıqlar verilib.