Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib

75

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında “Hava limanının yerüstü obyektlərində və hava gəmilərində baş verən yanğınlar zamanı insanların xilas edilməsi və yanğının söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

NUHÇIXAN xəbər verir ki, təlimin keçirilməsində məqsəd nazirlik ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında fövqəladə hallar zamanı birgə fəaliyyətin təşkili, qarşılıqlı əlaqələrin qurulması, şəxsi heyətin döyüş və fiziki hazırlığının artırılması, eyni zamanda, çevikliyinin yoxlanılmasıdır.

Hava limanında keçirilmiş təlim zamanı aviasiya dispetçerinin şərti olaraq havada qəza şəraitində olan hava gəmisi ilə rabitə əlaqəsinin yaradılması, lazımi məlumatların toplanması və Aviasiya Təhlükəsizliyi, FHN-nin “112” və “101” xidmətlərinə ötürülməsi, aeroportun yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının, eləcə də digər xidmətlərinin qüvvə və vasitələrinin aeroport ərazisində müəyyən olunmuş meydançada hazırlıq vəziyyətinə gətirilməsi, şərti olaraq hava nəqliyyatında baş vermiş yanğın qəzaları zamanı insanların təxliyə edilməsi, təyyarənin daxilində, eyni zamanda, ətrafda baş vermiş yanğınların söndürülməsi əməliyyatları həyata keçirilib.

Təlim zamanı, həmçinin aeroportun karqo terminalında, aerovağzal kompleksində və yanacaq-sürtkü materialları anbarında yanğın və başqa xoşagəlməz hadisələr zamanı Naxçıvan Beynəlxalq Hava Limanının qüvvə və vasitələrinin uzlaşmış fəaliyyətinin təşkili, digər orqanlarla qarşılıqlı əlaqədə yanğınların söndürülməsi, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi, işçilərin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması, maddi vəsaitlərin xilası və təxliyəsi vəziyyətlərinə baxılıb. Həmçinin rəhbər heyətin yarana biləcək situasiyanın qiymətləndirilməsi və qərar qəbuletmə bacarığı təkmilləşdirilib. Təlim planına uyğun olaraq aeroportun yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının şəxsi heyətindən “Döyüş açılışı” normativləri üzrə məqbullar qəbul edilib.

Təlimə Naxçıvan Beynəlxalq Hava Limanının yanğın təhlükəsizliyi və qəza-xilasetmə komandasının və digər xidmətlərinin 83 nəfər şəxsi heyəti, 15 ədəd xüsusi təyinatlı texnikası, idarəetmə və rabitə vasitələri cəlb edilib, təlim üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli obyektlərində bu kimi təlimlər keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: