Pilotlarımız ən çətin döyüş tapşırıqlarını yerinə yetirirlər

166

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanları yüksək olan, ən çox, ən müasir döyüş təyyarəsi və zərbə helikopterinə malik ölkə sayılır. Bu baxımdan Əlahiddə Ümumqoşun Ordunun aviasiya bölmələrinin tərkibində olan hava hücum vasitələrinin sayı günü-gündən dəyişir, maddi-texniki bazası müasir tələblərə uyğun inkişaf etdirilir.

Artıq təlimlərdə iştirakı böyük qürur doğuran və maraqla gözlənilən aviasiya texnikalarının uçuşa hazırlığı və uçuşa göndərilməsi heyətdən böyük məsuliyyət, yüksək bilik və bacarıq tələb edir. Uçuşlara başlamazdan əvvəl tapşırığın yerinə yetirilməsi üçün uçuşqabağı göstərişlər verilir, uçuşlara hazırlıq barədə məruzələr qəbul edilir. Son hesabatların aparılmasından sonra təhlükəsizlik qaydalarını çatdırmaqla uçuşların keçirilməsinə qərar verilir.

Hədəflərin məhv edilməsi, hücum edən qoşunların havadan himayəsi, dərinliyə taktiki və hava desantının atılması tapşırıqlarını layiqincə yerinə yetirən Əlahiddə Ümumqoşun Ordunun bilavasitə tabeliyindəki aviasiya bölmələrinin təlim-məşq uçuşları keçirilir. Uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə yer hədəflərinə müxtəlif hücumlar həyata keçirilir, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilir. Gənc pilotların Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilir.

Əsasən şəxsi heyətin peşəkarlıq səviyyəsinin, bilik və bacarığının daha da təkmilləşdirilməsi, manevr qabiliyyətinin artırılması məqsədi ilə aparılan uçuşlarda böyük təcrübə qazanmış hərbi qulluqçulardan Afiyəddin Məmmədov, Nəcəf Nəcəfzadə, Elçin Məmmədov, Cavad Abdullayev, Kazım Fərzəliyev, Orman Musayev, Rəşad Fərzəliyev, Etibar Qəşimov, Ayyəm Zeynalov və digərləri aviasiya texnikalarının saz vəziyyətdə saxlanılması, uğurlu uçuşları üçün əllərindən gələni əsirgəmirlər

Təyinatına uyğun olaraq, aviasiya bölmələrinin digər bölmələrlə qarşılıqlı fəaliyyətinin uzlaşması məqsədi ilə keçirilən məşğələlərdə birgə fəaliyyət təkmilləşdirilir, şəxsi heyətin helikopterlərə minməsi, helikopterlərdən müxtəlif üsullarla enməsi, uçuş zamanı yerüstü hədəflərə müxtəlif atəş vasitələrindən atəş açma bacarıqları məşq etdirilir. Onun nəticəsidir ki, döyüş hazırlığı planına əsasən keçirilən təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsində, bölmələrin uzlaşmış fəaliyyətində və praktik idarə edilməsində müsbət nəticələrə nail olunub.

Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri kimi aviasiya bölmələri də ən çətin döyüş tapşırıqlarını uğurla və qətiyyətlə yerinə yetirməyə hazırdır.

Nəriman NƏCƏFOV,

“N” hərbi hissəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: