Təbiət hamımızındır

181

Hələ uzun əsrlər bundan əvvəl yaranmış “Avesta”da Zərdüşt yaşıllığı gözəllik və həyat mənbəyi hesab edirdi. Həmin müqəddəs kitabda deyilir: “Kim ki əkir, o, müqəddəs iş görmüş olur”. Bu qədim yazılı abidədə el şənliklərində, toy və bayram günlərində hər adamın üç ağac əkib-becərməsi tövsiyə edilib. Ulu Dədə Qorqud da öz alqışlarında “Kölgəlicə qaba ağacın kəsilməsin”, – deyə öz igidini, yurddaşını alqışlamış, ağacın kəsilməsini ən böyük qəbahət, düşmənçilik kimi qiymətləndirmişdir.

Naxçıvan çox qədim zamanlardan bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə burada yaşıllıqların yaradılmasına və qorunmasına, yeni massivlərin salınmasına xüsusi diqqət və qayğı göstərilib. “Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə hətta o öz ailəsinə, özünə belə xəyanət edir. Ona görə də, siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”, – deyən ulu öndərimiz Heydər Əliyevin təbiətə olan həssas münasibəti muxtar respublikamızda bu gün də yaşadılır, dahi şəxsiyyətin yeritdiyi çoxcəhətli ekoloji siyasət uğurla həyata keçirilir.

Bu baxımdan muxtar respublikamızda müxtəlif vaxtlarda qəbul olunmuş dövlət proqramları ata-babalarımızdan bizə miras qalan məhsuldar torpaqların, zəngin meşələrin qorunub saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, indi yaşıl turizm həvəskarlarının da əsas səyahət ünvanına çevrilən Naxçıvanda ətraf mühitin təmizliyi, biomüxtəlifliyin yetərincə qorunması, bitki və heyvanat aləminin zənginliyi daha çox diqqət çəkir.
Qədim diyarımız misilsiz təbii gözəlliklər məskənidir. Çünki ilboyu zirvəsi qarla örtülü olan dağlar, ­könülaçan sərin yaylaqlar, zəngin və nadir landşafta malik ovalıqlar, çaylar, çeşmələr, bulaqlar, canlı və cansız təbiət inciləri Naxçıvanı daha da gözəlləşdirir və onu dünyada tanıdır. Əgər Azərbaycanın ən uca zirvəsində durub Naxçıvana nəzər salsaq, qeyri-adi bir mənzərəni – yaşıl dünya və al-əlvan rəngli güllər diyarını görərik. Bu görüntüdən muxtar respublikamızın hər bir rayonuna ayrıca pay düşür. Naxçıvana ayaq basan hər kəsin könlünü oxşayan mənzərələr – yolboyu sağ və sol tərəflərdə cərgələnmiş ağaclar, salınan gülkarlıqlar, dağ döşündə, yamaclarda əkilən körpə fidanlar təbiətə göstərilən insan qayğısından xəbər verir. Bu qayğını əsirgəməyən bölgə sakinləri əkilən tinglərin, salınan bağların və yaradılan yaşıllıq zolaqlarının məhv olmaması üçün hər həftə iməciliklər yolu ilə aqrotexniki tədbirlər həyata keçirirlər.
Bütün fəsillərdə zəhmətlərini torpaqdan və yaradılan gözəlliklərdən, təbiətimizdən, şəhərin abadlığından əsirgəməyənlər sağlam gələcək üçün görülən işlərə töhfə verirlər. Naxçıvanlı sakinlər iməciliklər zamanı yaşıllıq sahələrini daha da genişləndirməyə, meşə sahələrindəki seyrəklikləri aradan qaldırmağa, ağaclar əkilməsinə, gül kollarının çoxaldılmasına çalışırlar. Elə bunun nəticəsidir ki, ötən il muxtar respublikada meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində ardıcıl tədbirlər görülüb, 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 455 mindən çox ağac və gül kolu əkilib. Cari ilin ilk yarımilində 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, 222 mindən çox ağac və gül kolu əkilib.
Məlumdur ki, insanların sayının sürətlə artdığı bir zamanda texnika günü-gündən inkişaf edir. Bunun nəticəsində öz inkişafının yüksək mərhələsinə qədəm qoyan bəşəriyyət təbiətə istər-istəməz öz mənfi təsirini göstərir. Hər bir insan çalışmalıdır ki, müxtəlif təsirlər nəticəsində ekoloji tarazlıq pozulmasın. Bunun isə bir yolu var: təbii sərvətlərimizi qorumaq, onlardan səmərəli istifadə etmək və ana təbiətin qayğısına qalmaq. Təbiətimizə olan qayğı, diqqət elə Vətən sevgisindən qaynaqlanır. Vətənini sevən hər bir kəs doğma yurdunun təbiətini də sevməli, onu göz bəbəyi kimi qorumalıdır.

 Güntac ŞAHMƏMMƏDLİ

“Şərqqapısı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: