Ordubadın alanası, sucuğu, miyanpuru…

719

Alana-Alana əsasən Ordubad rayonunda hazırlanan çərəz növüdür. Onu adətən şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Sonra böyük ölcüdə fanaerka götürülərək günəşin daha çox düşdüyü yerə qoyulur. Dərilən meyvələr yuyularaq qabığı soyulur və fanerka üzərinə düzülərək 5-6 gün suyunun çəkilməsini gözləyirlər. Bundan sonra həmin meyvə saplağı tərəfdən dairəvi kəsilir və içəridəki tumu çıxarılır. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanilin əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.

Miyanpur-Ordubad rayonunda geniş yayılmış çərəz növüdür. Əsasən ərik və şaftalıdan hazırlanır. Qurudulmuş meyvələrin çəyirdəyi çıxarılaraq içərisinə qoz, badam və ya şirindisə həmin meyvənin ləpəsi qoyulur ağzı örtülsün deyə iki əllə sıxılır. Bundan sonra onlar sapa düzülərək üzərinə təzif keçirilərək münasib bir yerdən asılır. Xalq arasında miyanpurdan ümumi zəifliyi, başgicəllənməni, qanazlığının qarşısını almaq üçün müalicə vasitəsi kimi istifadə edilir. Azərbaycanın bəzi regionlarında əncirdən də miyanpur hazırlanır.

Sucuq-Sucuq-başqa bir adı ilə bastıx deyilən çərəz əsasən Ordubad rayonunda hazırlanır. Yenicə siltilmiş qoz sındırılaraq ləpələri yaş-yaş iynə ilə sapa düzülür. Qoz ləpələrinin yaş-yaş sapa düzülməsinin əhəmiyyəti ondadır ki, quru qoz ləpələrini sapa düzərkən çox vaxt qırılıb yararsız hala düşür. Sapa düzülmüş qoz münasib yerdən asılaraq qurudulmağa qoyulur. Daha sonra unu suda həll edərək horra halına gətirmək lazımdır. Elə etmək lazımdır ki, horranın tərkibində un düyünləri qalmasın. Bundan sonra şəkər tozu, hel, darçın, mixək əlavə edərək hazır məhsul ocaq üzərinə qoyulur. Bir müddət bulaya-bulaya qaynadıqdan sonra üzərinə tut doşabı əlavə edərək yenidən bulamağa davam etmək lazımdır. Məhlulun bulanması ona görə lazımdır ki, o qazan dibinə yapışıb yanmasın. Məhlul 10-15 dəqiqə də qaynadıqdan sonra ocağın altı söndürülür və məhlulun bir qədər soyumasını gözləyirik. Elə ki, məhlul insan orqanizmi temperaturu səviyyəsinə düşdü, sapa düzülərək qurudulmuş qoz ləpələri horranın içərisinə salınıb-çıxarılır və əvvəlcədən çəkilmiş möhkəm ip üzərində sallanan aliminium halqalara keçirilir ki, qurusun. İpə düzülən bastıx bir neçə gün qaldıqdan sonra əllə ona toxunduqda əgər ələ yapışmırsa ipdən götürüb quru torbalara yığıb saxlayırlar. Bastıx hazırlayarkən ipə düzülmüş qoz və hazır məhsul yaxşıca qurudularsa cərəz qurdlanmaz.

“El həyatı”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: