İqtisadi gücün təntənəsi

73

Möhkəm iqtisadi baza ilə keyfiyyətcə yeni mərhələni başladan Naxçıvan Muxtar Respublikası güclü potensial formalaşdırmaqdadır.

Uzun illərdir blokada vəziyyətində olmasına baxmayaraq, məqsədyönlü, qətiyyətli və düşünülmüş, bununla da uzaq gələcək üçün tədbirlərin həyata keçirilməsi muxtar respublikanın sürətlə dəyişən və inkişaf edən sosial-iqtisadi inkişaf mənzərəsini yaradıb. İqtisadi siyasət vətəndaşların maraq və mənafelərini ifadə edə bildiyindən dövlətin milli iqtisadi inkişafına öz töhfələrini verib. Məhz Naxçıvan Muxtar Respublikası bu amillər əsasında öz iqtisadi siyasətini müəyyən edərək, davamlı sosiallaşma məqsədlərini üstün tutaraq  buna tam olaraq nail olub.. Bu gün dünayaya yaxşı tanış olan iqtisadi inkişafın Naxçıvan modeli iqtisadiyyatın sahələri üzrə yüksək təşkilatlanma dövrünü yaşamaqla, yaradıcı ideyalar əsasında inkişaf etmiş və indi də buna davam etməkdədir.

Artıq 2018-ci ilin birinci rübü geridə qaldı. Bəs bu dövrdə muxtar respublikanın iqtisadi göstəriciləri, inkişaf dinamikası necə oldu? Bununla bağlı İqtisad üzrə fəlsəfə doktoru , dosent Cavadxan Qasımovdan NUHÇIXAN saytı üçün müsahibə aldıq.

Həmin müsahibəni təqdim edirik :

– Cavadxan müəllim, xoş gördük. Siz uzun illərdir ki, iqtisadçı kimi muxtar respublikanın iqtisadi inkiaf dinamikasını tədqiq edir və maraqlı yazılarınız, təhlillərinizlə bu məsələlərə aydınlıq gətirirsiniz. 2018-ci ilin ilk rübündə muxtar respublikanın iqtisadi mənzərəsi necədir?

– Çox sağ olun, mən söhbətimi birbaşa rəqəmlərlə başlamaq istəyirəm.

Əvvəlcə, 2018-ci ilin yanvar-mart aylarında istehsal olunan ümumi daxili məhsulun həcminə baxaq. Həmin dövrdə əsas makroiqtisadi göstəricinin həcmi 524 milyon 186 min manatdan artıq olub. Bu, çoxşaxəli iqtisadi inkişafın ən dolğun ifadəsi və ən gerçək mənzərəsidir. Deyə bilərik ki, bizdə iqtisadiyyat sosiallaşıb. Yəni cəmiyyət üzvlərinin təhsil almaq imkanları, sağlamlığının qorunması, dünyagörüşlərinin artması kimi üstünlükləri diqqətdə saxlanılıb. Təbii ki, bu, vətəndaşla, sakinlə dövlət arasında bağlılığı daha da gücləndirib. Bu şəxsi və ictimai maraqların ifadə olunduğu iqtisadiyyat olaraq özünü göstərir. Maddi və qeyri-maddi istehsalın davamlılığı yalnız insanların mənafeyini təmin edir. Bu mənada Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın əhalinin yaşayışına, milli iqtisadiyyata, daha doğrusu, millətə xas olan iqtisadiyyata hədəfləndiyini görürük. Təsadüfi deyildir ki, ÜDM-nin hər bir nəfərə düşən həcmi məhz bu məqsədləri əsas tutaraq əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq  1156 manatdan çox olub.

Qeyd edək ki, ÜDM-nin tərkibində ilk yeri 31,5 faizlik payla sənaye tutur  və bu, eyni zamanda insanların sosial-iqtisadi inkişafdakı iştirakını gücləndirib. Həm də bu, bir tərəfdən səmərəli məşğulluq siyasətinin nəticəsidirsə, digər tərəfdən artan təlabatların ödənilməsində yaxından köməkdir. Təbii ki, hər iki halda ölkənin iqtisadi inkişafını sürətləndirən təsirə malikdir. Əhalinin zəruri istehlak malları ilə təmin olunması da burada yer alır ki, bu da ÜDM-nin tərkibində maddi istehsalın payının 54,1 faiz təşkil etməsilə daha da yüksək mahiyyət kəsb etməkdədir.

– Cavadxan müəllim, Naxçıvanda sənayeləşmə son illər çox sürətlə gedir. Bəs bu istiqamətdə rəqəmlər nə deyir?

– Çox yaxşı haldır ki, muxtar respublikada sənayeləşmə göstəriciləri artımla davam etməkdədir. Belə ki, ötən 2017-ci ilin eyni dövrü ilə müqayisədə hazırkı ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,7 faiz çoxalıb. Bu, kənd təsərrüfatı məhsullarında 3 faiz, nəqliyyat sektorunda yük daşınmasında 1,8 faiz, informasiya və rabitə xidmətlərində 1,6 faiz, o cümlədən mobil rabitə xidmətində isə 1,9 faiz təşkil edib.

İqtisadi inkişafa güclü baza olan sənaye muxtar respublika iqtisadiyyatında aparıcı sahəni təşkil edir. ÜDM-nin tərkibində ilk yeri  sənaye tutur.   Bu sahə isə yerli istehsala əsaslanan istehlak münasibətlərinin inkişafında güclü təsirə malikdir. Artıq hazırkı ilin yanvar-mart aylarında 241 milyon42 min manat dəyərində sənaye məhsulu istehsal olunub  ki, bu daəvvəlki ilin eyni dövründəki göstəricini 1,5 faiz üstələyib. Şübhəsiz ki, bu, yüksək perspektivliyə malik olan muxtar respublika iqtisadiyyatının gələcək uğurlarının da xəbərçisidir. Bunu sənaye məhsulu istehsalının sahələr üzrə bölgüsündə də görə bilərik. Belə ki, həmin sahə üzrə məhsulun 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşüb. Bu isə əhalinin mənafeyi üçün mühüm nəticədir. Davam edən islahatlar şübhəsiz ki, iqtisadiyyatın özəl bölməsində artıma səbəb olmaqdadır. Yenə də rəqəmlər göstərir ki, dövlət sektorunda 11 milyon 97 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 229 milyon 944 min 500 manatlıq sənaye məhsulu istehsal olunub. Deməli, istehsal olunan sənaye məhsulunun 95,4 faizini özəl sektor təşkil edir. Bu isə sahibkarlıq fəaliyyətinin təşkilində mühüm təsirə malikdir.

-Bu gün Naxçıvanın simasının dəyişməsində, yenidən qurulmasında təbii ki, tikinti sektorununda rolu danılmazdır.

– Əlbəttə, əlamətdar haldır ki, muxtar respublikada vüsət alan tikinti-quruculuq tədbirləri bütün şəhər, rayon, qəsəbə və kəndləri əhatə etməkdədir. Bu ilin birinci rübündə də muxtar respublikada infrastruktur quruculuğu tədbirləri iqtisadi inkişafın əsaslarını təşkil etmiş və yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsaskapitala 197 milyon 240 min manat vəsait yönəldilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox olan bu göstərici ən ucqar kəndlərin belə görüntüsünə müasirlik gətirmişdir. İnsanların məhsul istehsalı sahəsində rahatlığını təmin edən müəssisələrin tikilməsi, kənd mərkəzlərinin salınması və digər obyektlərin yaradılması da daxil olmaqla, investisiya qoyuluşlarının 184 milyon850 min manatı və ya 93,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Görülən tədbirlər nəticəsində 2018-ci ilin birinci rübündə 55 müxtəlif təyinatlıobyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub. Hazırda da davam etdirilən həmin tədbirlər nəticəsində daha 116 müxtəliftəyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri işləri həyata keçirlir.

– Söhbətimizdə kəndlərin də sosial iqtisadi inkişafına toxundunuz. Bəs kənd təsərrüfatı sahəsində işlər necədir?

– Yaradılan hər bir şərait əhaliyə xidmət edir. Kənd yerlərində yaşayan istehsalçıların zəruri avadanlıq və texnika ilə təminatını, eləcə də bu sahədə dövlətin davamlı dəstəyinin gücləndirilməsinin şahidiyik. 2005-ci ildə muxtar respublika Ali Məclisinin Sədri tərəfindən yaradılan Naxçıvan Aqrolizinq ASC xətti ilə gətirilən müxtəlif adda texnikaların vətəndaşlara təklif olunması bu prosesləri daha da sürətləndirib. Məhz keçən 13 il ərzində gətirilən texnikaların sayı 2220 –dir.  Onların  166-sı təkcə bu ilin yanvar-mart aylarının payına düşür. 2018-ci ilin ilk rübündə 73 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə istehsalçılara verilib.  26 ədədi isə nağd yolu ilə satılıb. İstehsalçılara göstərilən diqqət bununla bitmir. Bu dövr ərzində onlara 5082,5 ton mineral gübrə də verilib.

Bu tədbirlər iqtisadi və hüquqi mexanizmlərin vəhdətini təşkil etməklə, həm də muxtar respublikada kənd təsərrüfatı sahəsinə aid növlər üzrə məhsul istehsalının artırılmasına xidmət edir. Bildiyimiz kimi, bu sahədə “Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul edildi. Birinci mərhələdə 2012-2015-ci illəri, ikinci mərhələdə isə 2016-2020-ci illəri əhatə edən proqramın icrası aqrar sektorun inkişafını sürətləndirdi.

Adı çəkilən Dövlət Proqramının səmərəli icrası nəticəsində 2015-ci ildə Babək rayonunun Nehrəm kəndində üzümçülük təsərrüfatı  yaradılıb.  Qeyd edək ki, ərazidə yerli sortlarla yanaşı, İtaliya, Fransa, Türkiyə və Özbəkistan mənşəli 10 məhsuldar üzüm sortu da əkilib. 150 hektar ərazini əhatə edən təsərrüfatda ümumilikdə, 326 mindən artıq üzüm tingi əkilib. Burada dövlət dəstəyinin ifadəsi kimi, məhsulun uzunmüddət saxlanılması məqsədilə tutumu 2500 ton olan soyuducu anbarın yaradılmasına da başlanılıb. Heç şübhəsiz ki, bunlar həm də kəndli təsərrüfatlarının səmərəli fəaliyyətinin təşkili və idarə olunmasında çox zəruridir. Həm də bu, kiçik və orta sahibkarlığın inkişafına təkan olmaqla, aqrar sektorda məşğulluq probleminin həllində yeni mərhələnin əsaslarını da yaratmaqdadır.

Təsadüfi deyildir ki, bunların nəticəsində 2018-ci ilin ilk rübündə kənd təsərrüfatı məhsullarının istehsal həcmi bir il öncəyə nisbətən 3 faiz artmaqla, 27 milyon 510 min 200 manat təşkil edib.

-Cavadxan müəllim, muxtar respublikada son illər istehsal olunan məhsullar təkcə kəmiyyəti ilə deyil, həm də keyfiyyəti ilə seçilir. İstər sənaye, istərsə də kənd təsərrüfatı məshullarımız artıq ölkə səviyyəsində bir brenddir. Yetərincə tanınıb. Bəs ixrac necədir? İstehsal etdiyimiz məhsulun bazarını da təşkil edə bilmişikmi?

– Əsas hədəflərdən biri Naxçıvan məhsullarının dünyaya çıxışını təmin etməkdir. İstər ölkədə, istərsə də muxtar respublikada ən mühüm məqsəd də daxili istehsalı gücləndirməkdir. Burada idxalın məhdudlaşdırılması, ixracyönlü məhsul istehsalının həcminin isə artırılması çox vacib yer tutur. Bunu hamımız yaxşı bilirik. Muxtar respublika iqtisadiyyatında ən mühüm amil məhz ixrac məhsullarının həcminin genişləndirilməsində iqtisadiyyatın sənaye və kənd təsərrüfatı sahələrinin də çəkisinin artmasıdır. İstinad etdiyimiz dövrdə muxtar respublikamız 41 milyon 230 min 700 ABŞ dolları dəyərində sənaye, 12 milyon 86 min 600 ABŞ dolları dəyərində isə kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac edib. Bu çox böyük inkişafdır. Ümumiyyətlə, 2018-ci ilin ötən dövrü ərzində muxtar respublikada 61 milyon 359 min 400 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi formalaşıb. Xüsusilə, həm də coğrafi mövqeyindən səmərəli istifadə edən muxtar respublika ölkənin etibarlı qonşuluq və tərəfdaşlıq siyasətinin səmərəliliyinə münbit zəmin yaratmaqdadır. Xarici ticarətdövriyyəsinin 53 milyon 317 min 300 ABŞ dollarını ixracın, 8 milyon 42 min100 ABŞ dollarını isə idxalın təşkil etməsi fikirlərimizi təsdiqləyir. Sevindirici hal isə ondan ibarətdir ki, ixracın idxalı üstələməsi müsbət saldonun yaranmasına imkanlar açıb. Bu proseslər 2009-cu ildən davam edir. Həmin göstərici müvafiq dövr üzrə 45 milyon 275 min 200 ABŞ dollarıdəyərində təşəkkül tapıb.  

– Bütün bunlar , təbii ki, yerli istehsalın artmasına da stimul yaradır.

– Əlbəttə, məntiqi olaraq deyə bilərik ki, ixracın artması yerli istehsal sahələrinin inkişafında ən mühüm göstəricidir. Bu isə daxili bazarı xarici amillərin təsirindən qoruyur, süni qiymət artımına yol vermir, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə zəmin açır, sosial məmnunluq yaradır. Qürurverici haldır ki, artıq bu gün muxtar respublikada 376 növdə məhsul istehsal olunur. Həmin məhsulların 126 növü ərzaq, 250 növü qeyri-ərzaq məhsullarıdır. Qeyd edək ki, 108-i ərzaq, 236-sı qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Yəni təhlillər göstərir ki, yerli imkanlar hesabına ödənilən ümumi məhsulların çəkisi artıq 92 faizə yaxın təşkil etməkdədir. Bu göstərici ərzaq məhsulları üzrə 86 faz, qeyri-ərzaq məhsulları üzrə isə 95 faiz olaraq təşəkkül tapıb.

Təbii ki, bu göstəricilər həm də məşğulluq imkanlarını ifadə edir. Bu o deməkdir ki, istehsal həcminin artması həm də məşğul olanların da sayının artmasını təmin edir. Təsadüfi deyildir ki, hazırkı ilin ilk rübündə muxtar respublikada 593 yeni iş yeri yaradılıb  və bunun 582-si və ya 98,1 faizi daimi iş yerləridir.

Onu da qeyd edim ki, bu gün bütün sahələr diqqət mərkəzindədir. Bu ilin 31 yanvar tarixində Ali Məclisi Sədrinin “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi bunu bir daha sübut edir. Təmin edilən  sağlam iqtisadi şərait bütün sahələrlə yanaşı turizm sahəsində də özünü göstərib. Cari ilin ilk rübündə muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 99 min 248 turist gəlib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur. Bütün bunlar Naxçıvan Muxtar Respublikasının sürətli iqtisadi inkişafının real göstəricilərdir.

-Müsahibə üçün, çox sağ olun, Cavadxan müəllim

                                                                                    Səməd Canbaxşiyev

Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: