Sərhəd kəndinin zəngin təhsil ənənələrinə malik müasir tədris ocağı

416

Muxtar respublikamızın sərhəd kəndlərindəki təhsil ocaqları da xüsusi diqqət və qayğı ilə əhatə olunub. Həmin yaşayış məntəqələrindəki məktəblər müasir binalarda yerləşməklə yanaşı, hər cür texniki avadanlıqlarla təchiz ediliblər. Belə təhsil ocaqlarından biri də Ordubad rayonundakı Kotam kənd tam orta məktəbidir.

Təhsil ocağı 1933-cü ildə 4 illik ibtidai məktəb kimi fəaliyyətə başlayıb. İlk illər məktəb bir nəfər müəllimdən və iki sinif otağından ibarət olub. Məktəbin ilk direktoru, əslən rayonun Yuxarı Əylis kəndindən olan Rza Kazımzadə burada tədris prosesini layiqincə yerinə yetirəcək pedaqoji kollektivin formalaşması istiqamətində uğurla fəaliyyət göstərib. Sonralar məktəbə görkəmli rentgenoloq, tibb elmləri doktoru, mərhum akademik Rəhim Rəhimov direktor təyin olunub. 1943-cü ildə bu təhsil ocağı 7 illik məktəb kimi fəaliyyətini davam etdirib. 1965-ci ildə isə məktəb üçün yeni bina tikilib və təhsil ocağı orta məktəbə çevrilib.

Kotam kənd məktəbinin inkişafında rayonun tanınmış müəllim-pedaqoqlarından Məhəmmədəli Həsənovun, Əvəz İsaqzadənin, Səid Əliyevin, Əbülfəz Kərimovun, Kamil İsmayılovun, Pakizə Həsənovanın, Əşrəf Həsənovun və başqalarının böyük xidmətləri olub. Bacarıqlı müəllimlərin sayəsində məktəbdə bir çox görkəmli elm adamları yetişib. Fizika elmləri doktorları Qurbanəli Əliyev, Abasət İsayev, biologiya üzrə fəlsəfə doktorları Əsgər Qulamov, Sabir Həsənov, fizika üzrə fəlsəfə doktoru Zakir Hüseynov, riyaziyyat üzrə fəlsəfə doktoru Səid Əliyev və başqaları bu məktəbin yetirmələridir. Hazırda məktəbdə direktor kimi çalışan Anar Həsənli də bu təhsil ocağının məzunudur.

2005-ci il noyabr ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Kotam kəndində ikimərtəbəli yeni məktəb binası inşa olunub. Məktəbdə elektron lövhəli sinif, kompüter otağı, kimya-biologiya laboratoriyası şagirdlərin biliklərə daha dərindən yiyələnmələrinə kömək edir. Buradakı kitabxana lazımi dərslik və bədii ədəbiyyatlarla zəngindir.

Hazırda məktəbin müəllimlərindən Zərifə Qarayeva, Elnurə Qənbərova, Kübra Fərəcli, Xatirə İmanova, Almas Abbasova, Abdulla Rzayev, Cabir İsmayılov və Vüsalə İbrahimova şagirdlərin elmin dərinliklərinə yiyələnmələri üçün var-qüvvələrini əsirgəmirlər. Məktəbin müəllimlərindən -Abdulla Rzayev 2012-ci ildə “İlin müəllimi” adını qazanıb, Almas Abbasovaya isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.

Son illər bu məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurlu nəticələr əldə edirlər. Ötən il 51 şagirdin təhsil aldığı kənd tam orta məktəbini bitirmiş hər iki məzun ali məktəblərə qəbul olunub. 2017-2018-ci tədris ilinin sonunda isə məktəbdən məzun olan şagirdlərin 3-ü də tələbə adını qazanıb. Nuray Hətəmli 665 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi, Aytac Rzayeva 453 balla Naxçıvan Dövlət Universitetinin Turizm və otelçilik, Mirməmməd Məmmədov isə “Naxçıvan” Universitetinin Coğrafiya müəllimliyi ixtisaslarına daxil olublar. Onu da vurğulayaq ki, Nuray Həsənli ötən dərs ilində keçirilən fənn olimpiadasında Azərbaycan üzrə ikinci yeri tutub.

Məktəbdə şahmatın tədrisinə də xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, 6-cı sinif şagirdi Uğur Həsənli ötən il Salyan şəhərində keçirilən şahmat üzrə Azərbaycan birinciliyinin zona yarışında 3-cü yeri tutaraq respublika çempionatının finalında iştirak etmək hüququ qazanıb.

Hazırda məktəbdə yeni tədris ilinə ciddi hazırlıq işləri gedir. Pedaqoji kollektiv növbəti dərs ilində də şagirdlərin biliklərə yiyələnməsi, vətənpərvər ruhda yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcək.

 Aslan  Hüseynoğlu

                                                                                           “El həyatı” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: