Orta əsrlərdə Biləv ərazisindəki karvan yollarının üstündə, Gilançay üzərində tikilmiş 2 tarixi körpünün qalıqları indi də qalmaqdadır. Bunlar salındıqları yerin adına müvafiq olaraq Biləv və Gilançay körpüləri adlanır.
Kəndin yaxınlığında Gilançay üzərində salınmış Biləv körpüsü Qaladağdan 0,7 kilometr şimal-şərqdə yerləşir. Kənd camaatı bu körpü olan yeri Körpüqırağı adlandırır. Bu ad sözsüz ki, körpü tikildikdən sonra yaranmışdır.
Biləv körpüsü orta əsrlərdə Biləvdən keçən karvan yollarının üstündə, dəqiq desək, qərb və cənub tərəfdən gələn Naxçıvan-Əlincəqala-Biləv və Aza-Gilan-Plovdağ-Sabirkənd-Biləv yollarının qovuşağından 30-40 metr yuxarıda tikilmişdir.
Biləv körpüsü ətraflı tədqiq olunmamışdır. Onun barəsində elmi ədəbiyyatda demək olar ki, məlumat azdır. İlk dəfə “Naxçıvan Ensiklopediyası”ndakı “Biləv” və “Babək qalası” məqalələrində bu körpünün mövcudluğu bildirilmişdir. Sonrakı tədqiqatlarla bu körpü haqqında məlumatlar xeyli dəqiqləşdirilmişdir ki, bunun da nəticəsində 2008-ci ildə nəşr edilmiş “Naxçıvan Abidələri Ensiklopediyası”ndakı “Biləv körpüsü” məqaləsində yazılmışdır: “Ordubad rayonunun Biləv kəndinin cənubunda Gilançayın üzərində memarlıq abidəsi. Beş aşırımlıdır. Körpünün yalnız bir qisminin qalıqları günümüzə gəlib çatmışdır. Gilançayın üzərindədir. Aşırımlar arasındakı məsfələr müxtəlifdir. Tağabənzər aşırımlar dördkünc formalı dayaq sütunları üzərində inşa olunmuşdur. Körpünün eni 3,3 metr, uzunluğu 55 metrdir. Körpü əhəng məhlulu ilə iri həcmli çay daşları və qaya parçalarından hörülmüş, yonulmuş daşlarla üzlənmişdir. Körpü XVIII əsrə aiddir”.
Biləv körpüsünün tağlarından yalnız 2-si salamat qalmışdır. Qalanları uçulub dağılmışdır. Çayın sağ sahilindəki sonuncu sütunu boz rəngli, möhkəm sal qaya əvəz etmişdir. Qayanın ucunda körpünün uçmuş tağının qanadından qalıqlar indi də qalmaqdadır.
Körpünün yan divarlarının bir tərəfi ibtidai üsulla yonulub hamarlanmış iri və yastı yerli süxurlardan-andezitbazaltlardan, tuflu qumdaşlarından və sairə əhəngdən və qumdan hazırlanmış qatı məhlulla hörülmüş, divarlararası içəri hissəsi isə bol daşlı, çınqıllı, qumlu sementləşmiş materialla doldurulmuşdur. Sonrakı təmir və bərpa işlərində isə körpünün yan divarları və tağlarının içəri hissələri təbii, yonulmamış, ancaq seçilmiş kiçik, yastı, müxtəlif tərkibli daşlardan və açıq qəhvəyi rəngli bişmiş kərpicdən hörülmüşdür. Körpü bir neçə dəfə təmir və bərpa olunmuşdur.
Yuxarıda adı çəkilən körpü orta əsrlərdə karvan yollarının ən işlək çağlarında inşa edilmişdir. Bu da XVIII əsrdən çox-çox əvvəllərə -Xudafərin körpüsünün tikildiyi dövrə gedib çıxır. Körpü dəfələrlə təmir və yenidən bərpa edilmişdir, Bu körpünün kənardan görünüşündən, hətta fotoşəklindən də bilinir. Nəhayət Körpüqırağı adlanan yer kənddə kolxoz qurulana qədər bu məktubun müəllifinin babalarının tut bağı olmuşdur. Onun 1870-1959-cu illərdə yaşamış nənəsi Anaxanım Kalba Abdulla qızı uşaq ikən o vaxt qoca əmisi Kəlbə Ələkbərdən də bu körpünün nə vaxt tikildiyini bilmədiyini və gözünü açıb köhnə, 2 tağı uçmuş, kənarlarından daşlar, kərpiclər tökülmüş və bəzi yerlərində yamaqlanma (təmir, yenidən bərpa) işləri aparılmış halda gördüyünü eşitmişdir. Beləliklə, biz güman edirik ki, Biləv körpüsü orta əsrlərdə, karvan yollarının ən çox işlək olduğu dövrdə tikilmişdir və Xudafərin körpüləri ilə yaşıddır.
Orta əsrlərdə tiikilmiş başqa bir tarixi körpünün qalıqları isə indiki Gilançay kəndinin şimalındadır. Bu körpü də qədim Gilan və Aza şəhərlərindən gəlib Biləvdən keçməklə Qarabağa gedən karvan yolunun üstündə Gilançayın üzərində tikilmişdir. Ancaq bu körpünün yalnız bir sütununun bir hissəsi qalmışdır. Təəssüf ki, bu körpüləri tikdirənlərin, memarların və ustaların adları məlum deyil.
Həmid ASLANLI,
Biləv kəndi