8 sentyabr Dünya İlk Tibbi Yardım Günüdür

172

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi Dünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Həmin tarix Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir.

NUHÇIXAN xəbər verir ki, ilkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, sadə tibbi tədbirlər görməklə onun ağrılarını azaltmaq və mümkün ağırlaşmalar barədə xəbərdarlıq etməkdir. Əlbəttə ki, bu sahədə tibb işçiləri yardım göstərilər, lakin polis əməkdaşları və xilasedicilər də onlara kömək etməlidirlər.

Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı səbəbindən bu yardımın tibbi təhsili olmayanlar tərəfindən yerinə yetirilməsi lazım gəlir. Ona görə də vaxtın hər anının dəyərli olduğu məqamlarda tez və qətiyyətli hərəkət etmək lazımdır.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən hər il dünyada baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15 faizi isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı dünyasını dəyişənlərin əksəriyyətini 15-45 yaş arasında olanlar təşkil edir.

Dünyada ilkin tibbi yardım xidməti hələ XIX əsrin sonlarında yaranıb. Azərbaycanda isə bu xidmətin əsası 1922-ci ildə qoyulub.

Ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanılıb. Xüsusilə də son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır. Eyni zamanda, dərman təchizatı da ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təchiz edilir, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Təcili yardım xidməti həmişə hadisə yerinə vaxtında yetişə bilmir. Ona görə də xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynaya bilər. Onu da başa düşmək lazımdır ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və hər birimiz zərərçəkən yerində ola bilərik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: