Naxçıvanda keçirilən beynəlxalq konfrans muxtar respublikanı dünyaya tanıtdırmaq üçün vacib addımdır

250

Sentyabrın 7-də “Naxçıvan” Universitetində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransın iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra onlar Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

“Naxçıvan” Universitetində keçirilən beynəlxalq tədbirdə iştirak edən nüfuzlu qonaqlar  muxtar respublikada bu istiqamətdə gedən proseslərə öz münasibətlərini bildiriblər. NUHÇIXAN qonaqların fikirlərini təqdim edir:

Oktay Bəlli- İstanbul Universitetinin müəllimi, professor:

“Mən iyirmi ildir ki Naxçıvanla bağlı araşdırmalar aparıram. Naxçıvanı çox yaxşı tanıyan və  bilən bir aliməm. Amma bu 20 ildə Naxçıvanda yaşananlar təqdir edilməlidir.  Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu  təbrik edirəm. Onun özünün də tarixçi olması,  tarixi əsərlərə, məscidlərə, türbələrə, qalalara  önəm verməsi təqdirə layiqdir. Bunlar türk tarixinin maddi əsərləridir. Bunlar türklərin yaşadıqları torpaqlardakı damğaları, möhürləridir. Ona görə də Naxçıvan layiq olduğu yeri alıb. Naxçıvan indi Şərqlə qərbin arasında bir əlaqələndirici rolunu oynayır.  Biz  Naxçıvana Şərqin Qərbə olan bir qapısı kimi baxırıq. Memarlığı, tarixi abidələri, xüsusilə qalaları, YUNESKO-nun siyahısına alınmalı, Mömünə Xatın türbəsi kimi bir abidə dünyanın  malı olmalıdır. Bütün dünya bir qadın adına inşa edilən bu abidəni gəlib görməlidir. Çünki başqa heç bir yerdə belə bir abidə yoxdur. Ona görə də Naxçıvan bir örnəkdir. Bu konfransın məqsədi beynəlxalq olduğu üçün bu faktları dünyaya çatdırır.  Naxçıvan İslam Mədəniyyətinin paytaxtı adını qazanan və sübut edən ən mühüm  bir yerdir”.

Bəhram Acarlı- Təbriz Sənət Universitetinin müəllimi:

“Naxçıvan çox zəngin tarixə və mədəniyyətə malik bir yerdir. Bu zəngin mədəniyyətin səbəblərindən biri də coğrafi baxımdan Naxçıvanın  ortaq bir nöqtədə yerləşməsidir. Buna görə də burada İslam mədəniyyəti də çox inkişaf edib. Bunun ilk göstəricisi Naxçıvanın mədəniyyətinin inkişafıdır.  Mədəni inkişaf sosial inkişafın əsası, təməlidir. Sosial inkişaf isə iqtisadi inkişafın əsası və təməlidir. Bu səbəbdən də Naxçıvan adı İslam dünyasında daha da yüksələcək və ucalacaq. İslam dünyası Naxçıvanı daha yaxşı tanımalı və kəşf etməlidir”.

İsa Həbibbəyli AMEA-nın vitse prezidenti, akademik:

“Naxçıvanın İslam Mədəniyyətin Paytaxtı elan olunmasından sonra muxtar respublikada keçirilən bir sıra tədbirlər Naxçıvanda gedən müasir prosesləri Azərbaycan cəmiyyətinə və dünyaya tanıtmaq məqsədi daşıyır.  Bu günki müasir Naxçıvan Ali Məclisin Sədri Vasif Talıbovun apardığı böyük quruculuq işlərinin sayəsində əsl Avropa yönlü bir məkana çevrilib. Burada mədəniyyət də, elm də, ədəbiyyat da, cəmiyyət həyatının digər sahələri quruculuq prosesləri səviyyəsində inkişaf edir. Naxçıvanda artıq yeni nəsil ziyalılar, şairlər, bir sıra sahələrdə elmi məktəblər yaranmaqdadır. Keçirilən bu konfranslar muxtar respublikanın rəhbərliyi səviyyəsində bu istiqamətlərə göstərilən diqqət və qayğının nəticəsində meydana çıxmış bu yeni  səviyyəni Azərbaycan cəmiyyətinə və dünyaya  təqdim etmək üçün böyük bir şansdır. Azərbaycan cəmiyyəti, dünyadan gələn qonaqlar burda gedən quruculuq proseslərini və yetişən yeni nəsil intellektual potensialı görür və onunla ünsiyyətdə olmaqda, münasibət qurmaqda maraqlı olur. Bu sözün əsl mənasında qürur verici hadisədir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: