Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri gücləndirilir

163

Bu ilin 8 ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bəhs olunan dövrdə muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, xarici valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanmasına nəzarət və sair bu kimi operativ vergi nəzarətinin əhatə funksiyalarına daxil olan məsələlər üzrə 63 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.

Həyata keçirilən tədbirlər zamanı 7 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 4 vergiödəyicisi tərəfindən xarici valyuta məbləğinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktları aşkarlanıb.

Həmçinin 23 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 10 vergiödəyicisində isə aksiz markası olmadan alkoqollu içki və tütün məmulatlarının satışı, 4 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit vergi məbləğinin ödənilməsi haqqında qəbz”in və 1 şəxsdə isə malların Vergi Məcəlləsi ilə tənzimlənən qaimə-faktura və ya elektron qaimə­-faktura əsasında alınmaması müəyyən edilib.

Əlavə olaraq keçirilən nəzarət tədbirləri zamanı 14 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Aparılan operativ vergi nəzarəti işləri zamanı tətbiq edilmiş 4520 manat inzibati cərimə və maliyyə sanksiyası məbləğlərinin büdcəyə ödənilməsi təmin olunub.

Bəhs edilən dövrdə vergidən­yayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 13 vergiödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb. Bu zaman müşahidəyədək olan dövriyyələr ilə müqayisədə 18 min 421 manat dövriyyə artımına nail olunub. Bu da hər bir obyekt üzrə orta hesabla ay ərzində 28 manata yaxın vergi məbləğinin əlavə olaraq büdcəyə ödənilməsi deməkdir.

Bu dövrdə nazirlik müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədbirlər planına əsasən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamaqla rəsmiləşdirilməsi, əməkhaqlarının real göstərilməsi ilə bağlı tikinti, ticarət, iaşə və digər xidmət obyektlərində araşdırmaların aparılması diqqətdə saxlanılıb. 521 ­işəgötürəndə aparılmış araşdırmalar zamanı 383 yeni əmək müqaviləsinin bağlanmasına və 1130 əmək müqaviləsində isə əməkhaqlarının real əməkhaqları səviyyəsində göstərilməsinə nail olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: