“6-cı Çin-Avrasiya” sərgisində Naxçıvan məhsulu nümayiş olunub

237

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, avqustun 29-dan sentyabrın 3–nə qədər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Çin Xalq Respublikasının Urumçi şəhərinə ixrac missiyası təşkil olunub. İxrac missiyası çərçivəsində avqustun 30-dan başlayaraq “6-cı Çin-Avrasiya” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında ölkəmizdə istehsal olunan qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilən tədbirdə 21 sahibkarlıq subyekti ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi də iştirak edib. Sərgidə həmin müəssisədə istehsal edilən 16 çeşiddə qazlı və qazsız mineral sular nümayiş olunub. Sərgi çərçivəsində “Sirab” mineral suyunun Çinə ixracına dair həmin ölkənin şirkətlərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: