Ermənistanda yeni hökumətin korrupsiyaya qarşı mübarizə barədə bəyanatlarına baxmayaraq, rəsmi mənbələr bu cür halların çoxaldığını etiraf etməli olub.
NUHÇIXAN Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu ölkənin Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryan altı dövlət idarəsində korrupsiya faktlarını açıqlayıb. Onun sözlərinə görə, ən rüsvayçı yeyinti halları “Yüksəkgərginlikli elektrostansiyalar” QSC-də aşkarlanıb. Bu müəssisənin rəhbərliyi istismar müddəti başa çatmış və hər birinin qiyməti 25 min dollar olan transformatorların istehsal tarixini silərək onları yeni avadanlıq kimi təqdim edib. Mənimsənilən 291 min dolların dövlət büdcəsinə qaytarılması üçün sənədlər prokurorluğa göndərilib. Bundan başqa, xarici şirkətlə imzalanan müqavilənin dəyəri də 1,5 milyon dollar şişirdilib.
Sanasaryan əlavə edib ki, “Ukrinvest”, “Lusanşan”, “Rodina-Diaspora” və digər müəssisələrdə də maliyyə fırıldaqları və digər korrupsiya faktları aşkarlanıb. Xidmət rəisi vurğulayıb ki, bütün bu iqtisadi cinayətlər Ermənistanda “məxməri inqilab”dan sonrakı dövrdə törədilib. Ermənistan Aqrar Universitetinin rektoru Nşan Qriqoryan isə saxta tender yolu ilə satınalma əməliyyatları keçirməkdə ittiham olunur.
Bununla yanaşı, Rusiyada diaspor fəaliyyəti ilə məşğul olan “Rodina-Diaspora” təşkilatının Ermənistan İctimai Televiziyasına sənədli film çəkilişi üçün 145 min dollar pul köçürməsi faktı ilə bağlı da cinayət işi qaldırılıb. Məlum olub ki, televiziya bu filmi öz vəsaiti hesabına lentə alıb.