Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb - YENİLƏNİB

70

Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və himn mərasimi keçirilib.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul edilən yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin pianoda müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Samirə Əfəndi ifa edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Fox Sport” televiziya kanalına müsahibə verib.

Prezident İlham ƏLİYEV: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq.

Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?

Prezident İlham ƏLİYEV: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq.

Müxbir: Təşəkkür edirəm.

***

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bilib. Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurdu. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü oldular.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsi Uilyam Qolbourna təqdim edib.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Qeyd edək ki, Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin pilotu Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ alıb. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin pilotu Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Birinci sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo ikinci, “Force India”nın pilotu Serxio Peres isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Red Bull Racing”in pilotu Daniel Rikkardo fərqlənib. “Ferrari”nin pilotu Kimi Raykonnen ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü sırada qərarlaşıblar. Yarışın üçüncü sərbəst yürüşü aprelin 28-də keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari” komandasının pilotu Sebastian Fettel birinciliyə yüksəlib. “Mercedes”in pilotu Luis Hamilton yürüşü ikinci, “Ferrari”nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Qran-Pri çərçivəsində Formula 2 üzrə yarışların qalibləri də müəyyənləşib. Aprelin 28-də keçirilmiş ilk yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib adını qazanıb. “ART Grand Prix”in pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar. Aprelin 29-da keçirilən ikinci yürüşün qalibi isə “ART Grand Prix” komandasının pilotu Corc Russel olub. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in pilotu Nik De Vries üçüncü çatıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən paytaxt Bakının Formula 1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar da ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.

Formula 1 yarışlarının Bakı mərhələsi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdi. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar.

Beləliklə, növbəti Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə də bu mötəbər yarışı qəbul edən Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi. Qarşıda hələ neçə-neçə mötəbər beynəlxalq yarışların keçiriləcəyi paytaxtımız yenə də dünyanın diqqət mərkəzinə çevrildi, Formula 1 tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi oldular.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: