“Azərbaycan intənəşnəl” [Azerbaijan International] jurnalının baş redaktoru Betti Bleyerin 1994-cü ildə ümummilli lider Heydər Əliyevdən aldığı müsahibə həmin jurnalın 1994-cu ilin (2.2) sayında ingilis dilində oxuculara təqdim edilmişdi.
NUHÇIXAN aktuallığı nəzərə alınaraq ilk dəfə ingiliscədən Azərbaycan dilinə tərcümə edilən bu müsahibəni təqdim edir:
Betti Bleyer-Mümkünsə, sizin şəxsi həyatınızın bəzi tərəfləri ilə maraqlanmaq istəyirəm. Mən dövlətlə heç bir əlaqəsi olmayan, siyasi və iqtisadi məsələlərdən bəhs etməyən bir neçə sual soruşmaq istərdim.
Heydər Əliyev- Əlbəttə, buyurun!
Betti Bleyer- İş həyatınızın çox hissəsini Rusiyada keçiribsiniz, əksəriyyət – hamı sizin rus dilində son dərəcə yaxşı danışdığınızı düşünür. Bununla yanaşı, azərbaycanlıların əksəriyyəti sizin Azərbaycan dilində danışıq qabiliyyətinizlə onları necə heyrətləndirdiyinizi mənə deyiblər. Sizin dilləri belə daha tez öyrənmək üçün təcrübələriniz hansılardır?
Heydər Əliyev- Azərbaycan dili mənim doğma dilimdir. Naxçıvanda orta məktəb illərində rus dilini öyrəndim. O zaman rus dilini cəmi bir neçə nəfər bilirdi. On altı yaşımda Bakıya gəldim və memar olmaq istədim. Lakin universitetə gedəndə mənə dedilər ki, bütün mühazirələr rus dilində olacaq. Sonralar Moskvada və Sankt – Peterburqda təhsil aldım. Həyatımın qalan hissəsi rus dili ilə əlaqəli olmuşdur. Mənim həyat yoldaşım da rusca təhsil almışdı və biz evdə birlikdə rus dilində danışırdıq.
Betti Bleyer– Bəs, Azərbaycan dili haqqında nə deyə bilərsiniz?
Heydər Əliyev- Xoşbəxtlikdən gəncliyimdə Azərbaycan ədəbi dilini öyrəndim. Azərbaycanca danışan kimsənin olmadığı Moskvada on il yaşamağıma baxmayaraq, Azərbaycan dilini heç vaxt unutmamışam. Mən Azərbaycan dilini heç vaxt unutmadım. Burada – Azərbaycana 14 il rəhbərlik etdim, məhz buna görə də bəzən rusca fikirləşirəm və Azərbaycanca danışıram. Başqa vaxtlarda bu əksinə olur, mən Azərbaycanca fikirləşirəm, lakin rus dilində danışıram.
Betti Bleyer -1993-cü ilin 2 oktyabrında Prezident seçkisi qabağı nitqinizi beynəlxalq müşahidəçilərə siz özünüz Azərbaycan və rus dilində tərcümə etdiniz. Hər ikisinin, Azərbaycan və rus dilinin ingiliscə tərcüməsi ideyaların ardıcıllığı və şərhi də daxil olmaqla bir-birinə son dərəcə çox yaxın idi.
Heydər Əliyev- Çıxışımın əvvəlində başa düşdüm ki, rus tərcüməçisi yaxşı tərcümə etmir, beləliklə mən özüm tərcümə etməyə qərar verdim. Siz gördünüz ki, mən iki saat – bir saat Azərbaycan və bir saat rus dilində fasilə vermədən danışdım. Mən heç bir qeyddən istifadə etmədim və fikrimin ardıcıllığını itirmədim. Bu mənim üçün o qədər qeyri-adi deyildir. Oğlum mənə dedi ki, çox az adam bunu edə bilər. Bu, onun fikridir.
Və siz haqlısınız, kifayət qədər çox azərbaycanlı Azərbaycan dilində yaxşı danışmır. Çoxları ədəbi dildən necə istifadə etməyi bilmir, onlar çox sadə – pis tələffüzlə və düzgün olmayan ifadəylə danışırlar.
Mən Moskvada yaşayanda ruslar deyərdi: “Heydər Əliyev rus dilini ruslardan daha yaxşı danışır!” Mən Kremldə və televiziyada nitq söyləyirdim. Hər yerdə insanlar çıxışlarımı televiziyadan izləyirdi. Hətta 1983-cü ildə “Taym maqazin” [Time Magazine] şəklimi də veməklə mənim haqqımda bir məqalə dərc etdi. Məqalədə yazılmışdı: “Heydər Əliyev müsəlmandır, ancaq o, Rusiyada rusların çoxundan rus dilində daha yaxşı danışır”.
Betti Bleyer- Mən bilirəm ki, Azərbaycan dilinin burada, Azərbaycanda ana dili kimi yaşadılmasında sizin həqiqətən xidmətiniz olub.
Heydər Əliyev- Bəli, 1978-ci ildə Azərbaycan yeni Konstitusiya qəbul etdi. Konstitusiyada Azərbaycan dili haqqında mühüm bir maddə var – Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir. Mən yazılmış Konstitusiyanın qəbul edilməsinə cavabdeh idim. Başqa respublikalarda bu kimi hal mövcud deyildir. Ukraynanı götürün, məsələn, o vaxt belə bir maddəni yazmaq asan deyildi, ancaq mən buna nail oldum.
Betti Bleyer- Prezident seçkilərində mən müşahidəçi kimi Naxçıvana getdim. Siz Naxçıvanda böyümüsünüz. Mən bilmək istəyirəm ki, Naxçıvan sizin inkişafınıza hansı töhfələr verib və sizin bir şəxsiyyət kimi formalaşmağınıza necə təsir göstərib?
Heydər Əliyev- Naxçıvanın mənim həyatıma böyük təsiri olmuşdur. Mən bütün gəncliyimi orada keçirdim. Orta məktəbi orada bitirdim. Mənim çox yaxşı müəllimlərim var idi. Ciddi müəllimlər idilər. Naxçıvanda çox yaxşı təhsil aldım. Mən orada teatra çox gedərdim – Naxçıvanda əla teatr vardı. Naxçıvan qədim sivilizasiyaya, çoxlu tarixi hadisələrə və tarixi ənənəyə malikdir. Bu mühitdə tərbiyə olundum və məni zənginləşdirən də, həmin ətraf mühitdir.
Digər tərəfdən, mən orada çox çətin həyat yaşadım. Atam dəmir yolu işçisi idi. Bizim ailəmiz böyük idi. Biz beş qardaş və üç bacı idik, atamın qazancı az idi. Biz çətinlik içərisində böyüdük. Ancaq mən çox yaxşı təhsil aldım. Mən həyatımdan məmnun və xoşbəxt idim. Atam 1942-ci ildə vəfat etdi. Mənim anam çox ağıllı qadın idi, mən deyərdim ki, o, Tanrı tərəfindən verilmiş bir müdrikliyə malik idi və hamımızın çox yaxşı təhsil alması üçün gərgin işlədi. Biz – hamımız alim və professor olduq. Bir qardaşım rəssam idi. Və ondan sonra mənəm. Professor olmayan təkcə mənəm.
Naxçıvan mənim həyatımda böyük rol oynadı. Mənim üçün Moskvada yaşamaq mümkün olmadığı dövrdə, 1990-cı ildə ikinci dəfə Naxçıvana qayıtdım. Mən Bakıya gəlmişdim, ancaq Bakıda yaşamağıma icazə vermədilər. Beləliklə, mən Naxçıvana qayıtdım. Və orada hamı məni doğma oğul kimi bağrına basdı.
Betti Bleyer- Sizdən həyat yoldaşınız haqqında soruşmaq istəyirəm. O, necə insan idi və sizin həyatınıza necə təsir etdi?
Heydər Əliyev- Mən onu hədsiz dərəcədə çox sevirdim. O, ixtisasca göz həkimi, çox gözəl insan idi. O, yaxşı ailədə böyümüş çox ağıllı qadın idi. Onun atası da professor idi. O, gözəl xarakterə malik, ağıllı və mədəni idi. 1985-ci ildə Moskvada vəfat etdi. Bu, mənə böyük bir zərbə idi və çox dərindən təsirləndim. Onu itirmək mənim üçün böyük faciə idi.
Betti Bleyer- Siz əksəriyyət üçün necə xatırlanmaq istəyərdiniz?
Heydər Əliyev- Mən hər iki sahəyə – mədəniyyətə və iqtisadiyyata verdiyim töhfələrin xatırlanmağını istəyərdim, nəyin xatırlanmasını xüsusi deyə bilmərəm. Mən burada – Bakıdakı müasir binaların çoxunu tikmək üçün icazə almağa cavabdeh idim. Məsələn, bu bina Prezident Aparatı və Parlament binası. Həmçinin o mehmanxanalar – Azərbaycan və Abşeron mehmanxanaları. Bakının fabriklərinin çoxu mənim hakimiyyətdə olduğum dövrdə tikildi.
Betti Bleyer- Beləliklə, siz, nəhayət, memar olmağı həqiqətən bacardınız!
Heydər Əliyev – Bəli, memar kimi deyil, ancaq Respublikanın rəhbəri kimi.
Betti Bleyer- Əgər siz siyasətlə məşğul olmasaydınız, hansı peşəni seçərdiniz?
Heydər Əliyev- Həqiqətən, mən memar olmağı planlaşdırırdım. Memar olmağı çox sevirdim. Mən özüm siyasəti seçmədim. Tale məni siyasətə gətirdi. Həyatda təkcə bir şeyi seçdim. Mən on altı yaşımda memar olmaq istədim. Baş vermiş qalan bütün hadisələrin hamısını tale müəyyən etdi. Mən heç vaxt işlədiyim vəzifələrin heç birini özüm seçmədim. Məsələn, Dövlət Təhlükəsizlik Komitəsində işlədim. General oldum. Mən bunu özüm seçmədim. Tale ora məni apardı. 1969-cu ildə mən Azərbaycanın rəhbəri olmağı düşünmürdüm, ancaq onlar məndən bunu xahiş etdi. O zaman mən hərbi general idim və sonra Respublikanın rəhbəri oldum. Sonra məni Moskvaya Baş nazirin birinci müavini vəzifəsinə dəvət etdilər və oraya getdim. Daha sonra orada işləmək mümkün deyildi, mən işimdən imtina etdim. 1987-ci ildə istefaya çıxdım. Və bir daha yenidən, xalq məni prezident olmağa dəvət etdi. Mən prezident olmaq istəmirdim. Xalq məndən bunu xahiş etdi.
Betti Bleyer- Ancaq tarixi baxımdan siz hər iki – Sovet sistemində və indiki müstəqillik dövründə ölkənizin dövlət başçısı məsuliyyətini öz üzərinə götürən dünyada çox nadir insanlardan birisiniz. Prezident nöqteyi-nəzərindən bu sistemlərin arasında hansı əsas fərqləri görürsünüz?
Heydər Əliyev- 70 il ərzində Azərbaycan Marksizm–Leninizm ideologiyasının çox yaxşı təbliğ olunduğu, hökumətin iqtisadiyyat, Kommunist Partiyası qaydaları, vətəndaşlar üzərində fərdi və toplum halda ciddi nəzarəti mərkəzləşdirilmiş qaydada həyata keçirən Kommunist rejiminin idarəçiliyi altında yaşamışdır, Azərbaycanda demokratiyaya və açıq cəmiyyətə doğru bugünkü keçid prosesi isə çox mürəkkəb və unikaldır.
İcazə verin, hökumətin və hakimiyyətin əvvəlki təcrübələrinin bəzilərini bizim indi üzərində işlədiyimiz, nailiyyət əldə etmək üçün cəhd etdiyimiz yeni üsullarla – demokratik cəmiyyət və azad bazar iqtisadiyyatı modeli ilə müqayisə edim. Təcrübə göstərir ki, belə bir dəyişiklik üçün əsas ünsürlər, hökumətə plüralist yanaşma olmalıdır. Demokratik təsisatlar və insan azadlığı gücləndirilməlidir. Və biz bazar iqtisadiyyatına keçməliyik.
İndiki dövürdə Azərbaycanda 40-dan çox fəal siyasi partiya var. Cürbəcür dövri nəşrlər və 600-dən çox siyasi qəzet nəşr edilir. Özəl sektor və fərdi şəxslər ölkənin sosial-iqtisadi və siyasi gələcəyini formalaşdırmaqda daha böyük rol oynamağa başlayırlar. Mənim fikrimcə, bunların hamısı bizim cəmiyyətimiz üçün sağlam yeni modeli, düzgün yolla qurmağa töhfə verir.
Betti Bleyer- Bu iki sistemin arasında keçid mərhələsini yaşayan Azərbaycan hansı ən böyük problemlərə üzləşir?
Heydər Əliyev- Kommunist dövründən sonrakı yenidənqurma çox mürəkkəb prosesdir. Bizim resurslarımızın böyük bir hissəsinin müstəqiliyimizin qorunub saxlanılmasına və erməni təcavüzünə qarşı ərazi bütövlüyümüzün müdafiəsinə həsr olunması vəziyyətimizi daha da mürəkkəbləşdirmişdir. Keçid dövrü – zəruri təkamül prosesidir. Ancaq bizim ölkəmizə üstünlüklər verən çox unikal faktorlarımız var. Hər şeydən əvvəl, bizim coğrafiyamıza baxın. Bizim ölkəmizə hədsiz dərəcədə zəngin təbii ehtiyatlar bəxş edilib. Bundan başqa, bizim güclü, texnologiyanı mənimsəmiş işçi qüvvəmiz var. Neftdən başqa, həmçinin bizim kənd təsərrüfatı sənayemiz demək olar ki, inkişaf etdirilir.
Tarixi nöqteyi-nəzərdən danışsaq, demokratiya ideyası bizim üçün yeni deyildir. Azərbaycanda demokratiyanın, parlamentarizmin ənənəvi tarixi var. Biz müsəlman dövlətlərinin tarixində ilk dəfə Azərbaycan Demokratik Respublikasını-Xalq Cumhuriyyətini (1918-1920) yaratmışıq. O zaman ilk parlamentdə 10-dan artıq siyasi partiya təmsil olunub.
Başqa sözlə, bizim siyasi tariximiz idarəetmənin sivil formalarına tamamilə yad olmamışdır. Bir halda ki, bizim bu modelimiz var, xüsusilə indiki şəraitdə xalqımızın ehtiyaclarına həssas yanaşaraq, siyasi plüralizm ilə müşayiət edilən, tarixən vətəndaş konsepsiyasına əsaslanmış bu dəyərləri bərpa etməyi əsas məqsədimiz və vəzifəmiz hesab edirik.
Betti Bleyer- Hər kəs neft müqavilələrinin imzalanmasını səbirsizliklə gözləyir. Azərbaycan tərəfinin, ölkənin gələcəyinə böyük təsir göstərəcək bu sənədlərin layihəsinin hazırlanmasında qarşılaşdığı çətinliklər hansılardır?
Heydər Əliyev- Neft müqavilələri haqqında bizim mövqeyimiz belədir: biz bütün tərəflərə qarşılıqlı xeyir verən yanaşma tərzini dəstəkləyirik. Bütün tərəflərin maraqlarına zəmanət verəcək birgə yanaşma prinsipinə nail olmaq lazımdır. Bu müqavilələrə hamı üçün qarşılıqlı xeyir verən, düzgünlüyün və əməkdaşlığın əsasında nail olunmalıdır.
Azərbaycan hökuməti dünyanın nəhəng neft kooperasiyaları ilə müqavilələrimizin nəticəsində ölkəmizin məqsədlərinə nail olmasını səbirsizliklə gözləyir. Biz ölkəmizin iqtisadi müstəqilliyini gücləndirmək istəyirik. Biz vətəndaşlarımızın həyat səviyyəsini yüksəltmək istəyirik. Biz insanlarımıza güclü özünümüdafiə, sərbəstlik və daha yaxşı ali təhsilə nail olmaları üçün şərait yaratmaq istəyirik. Mən Amerika Birləşmiş Ştatları və digər Qərb ölkələrinin neft şirkətləri ilə əməkdaşlığımızın siyasi, iqtisadi, elmi və mədəni sahələrdə də digər layihələrin reallaşdırılması və gələcəkdə yaxın əlaqələrimizin inkişafı ilə nəticələnəcəyinə ümid edirəm.
Mənim hər iki tərəf üçün bu əməkdaşlığın xeyirli nəticə verəcəyinə böyük ümidlərim var.
Betti Bleyer- Neft müqavilələrinin imzalanması regional problemlərə necə təsir göstərəcək?
Heydər Əliyev- Mən əminəm ki, bu müqavilələrin nəticəsi bizə iqtisadi müstəqilliyi gətirməklə bərabər, hər iki- həm regional, həm də beynəlxalq aləmdə bir daha siyasi vəziyyəti möhkəmləndirəcək, Azərbaycana kömək edəcək.
Şərq və Qərb arasındakı gərginliklər köhnə sovet sisteminin, soyuq müharibənin sonu, soyuq müharibənin və silahların son bazasının dağılması ilə xeyli zəifləşmişdir. Bu dəyişikliklər bəzi millətlərin yenidən müstəqillik əldə etməsinə gətirib çıxarmışdır. Baxmayaraq ki, bu dəyişikliklər ilə çoxlu köhnə problem və konfliktlər yox olmuşdur, indi dünyada sülh və sivilizasiyanın bərqərar olmasına, xüsusilə təsir baxımından köhnə problemlərdən heç də az əhəmiyyəti olmayan potensial təhlükəli problemlər var.
Betti Bleyer- Azərbaycanın üzləşdiyi problemlə bağlı dünya ilə hansı məsələni paylaşmaq istəyirsiniz?
Heydər Əliyev- Biz minilliyin astanasındayıq, lakin təəssüf ki, biz hələ də təcavüzkar millətçiliyin, etnik təmizləmənin və dini konfliktlərin qorxunc problemləri ilə məşğul oluruq. Bizim yeni müstəqil respublikamız qonşu ölkənin [təcavüzkar Ermənistan Respublikasını nəzərdə tutur – S.A.] qeyri-insani təcavüzünün qurbanı olmuşdur.
Bu problemlər, həqiqətən, dünya birlikləri tərəfindən müzakirə edilməlidir. Nüfuzlu və güclü ölkələr ABŞ və başqa sənayeləşdirilmiş Qərb dövlətləri bu münaqişələrin həll edilməsinə və regionda keçmiş sülhə və sabitliyə nail olmağa kömək etməkdə gərək aparıcı rol oynasınlar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) çiyinlərində bütün tərəflərin maraqlarını nəzərə alan beynəlxalq hüquq normaları çərçivəsində təsdiq və qəbul etdiyi qərarın praktik həyata keçirilməsi kimi ağır yük var.
Betti Bleyer- İndi çox gecdir, demək olar ki, gecə saat 2-dir. Sizinlə görüşmək üçün mənə şərait yaratdığınıza və vaxt ayırdığınıza görə minnətdarlıq edirəm. Mən, həqiqətən, bilmirəm ki, siz bu qədər gec, gecə yarısında bu cür gərgin iş qrafiki ilə necə işləyirsiniz?
Heydər Əliyev- Mən həmişə belə işləyirəm. Ötən 50 il ərzində, mən bu cür işləmişəm, təxminən səhər saat 10 -11 arasında işə gəlir, bir dəfə axşam saat 7 ərəfəsində nahar fasiləsi götürür və yenidən gecə yarısına, saat 2, yaxud 3-ə qədər işləyirəm. Həqiqətən, bu iş qrafikini necə tənzimlədiyimi də bilmirəm. Görünür, hər halda bu həmişə belə də olmalıdı.
Ancaq mən də sizə Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Azərbaycanın qapısı həmişə üzünüzə açıqdır. Mən ümid edirəm ki, siz burada müşahidə etdiklərinizi, özünüz üçün yazdığınız qeydlərinizi Amerikaya və bütün dünyaya çatdıracaqsınız.
İngilis dilindən tərcümə etdi:
SÜSƏNBƏR AĞAMALIYEVA
Filologiya üzrə fəlsəfə doktoru