Kəlağayı-ismət və gözəllik simvolu

242

Dövlətləri bir-birindən fərqləndirən rəmzləri olduğu kimi, xalqları da bir-birindən fərqləndirən milli dəyərləridir. Milli dəyərlər sisteminə geyimlər də daxildir. Hər bir milli geyim məxsus olduğu xalqın milli ruhunu səciyyələndirir. Azərbaycan xalqı milli geyimlərinin zənginliyi və özündə bir çox xüsusiyyətləri ehtiva etmək baxımdan olduqca dəyərli irsə malikdir. Hansı ki, bu irs tarixən xalqın milli ruhunu, estetik duyumunu və sənətkarlıq məharətini özündə cəmləşdirib. Əksər sənətkarlıq nümunələrində olan elementlər milli geyimlərdə də öz əksini tapıb. Hətta abidələrimizdəki ornamentlərə də milli geyimlərimizdə rast gəlmək mümkündür. Bu mənada milli geyimlərimiz həm də yaddaş rolunu oynayıb. Bu geyimlərdə xalqımızın maddi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək motivləri, toxuculuq və digər elementlər əks olunur. Toy və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl və gümüş bəzəklərlə də ziynətləndirilirdi. Deməli, bir sıra geyimlər bir növ zərgərliyi də özündə birləşdirib.

Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiqliyini tarixi proseslərin müəyyən dövrlərində, milli dövlətçiliyimizin mövcud olmadığı dövrlərdə belə nümayiş etdirmişdir. Milli dəyərlərimizin ayrılmaz bir parçası kimi, milli geyim nümunələrini vətənpərvər ziyalılar öz yaradıcılıqlarında yaşadıblar. Ədəbiyyatda, aşıq yaradıcılığında, bədii filmlərimizdə, həmçinin rəssamların çəkdiyi rəsmlərdə milli geyimlərimizlə bağlı ətraflı məlumat əldə edə bilirik. Bu baxımdan, rəssam Bəhruz Kəngərlinin əsərləri olduqca təqdirəlayiqdir.

Kəlağayı milli geyimlərimizi tamamlayan baş örtüyü kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək günümüzə qədər gəlib çatmışdır.
İpək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyü olan kəlağayıya Azərbaycanın qərb zonasında “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır.


Başına örtübdür kəlağayı gəzər,
Əyri tel üstündən qızıl düymələr.
Belinə yaraşıb zərbafdan kəmər,
Çəpkənli, çarqatlı ağ bədən gəzər.
(A.Tufarqanlı)


Gah zaman başına tirmə şal bağlar,
Gah olur ki, zülf gizləyib, xal bağlar.
Kəlağayı qabağına al bağlar
Yaşılın altından, ağın üstündən,
(M.P.Vaqif)


Olduqca zərif, göz oxşayan baş örtüyü-kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tiflis və digər beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.
Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər.
Kəlağayı sənəti 2014-cü ildə “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Kəlağayının-xalqımızın digər sərvətləri-muğam, aşıq, tar ifaçılıq sənəti, Novruz bayramı və xalçaçılıqla bir sırada dayanması heç də təsadüfi deyil. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizindaşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar. Naxçıvan Muxtar Respublikasının demək olar ki, istənilən kəndində bu gün də qədim el sənəti nümunəsi olan xalça, bir də kəlağayılara mütləq rast gəlmək olar. Hətta deyərdim ki, digər baş örtüklərindən fərqləndirən cəhətlərdən biri də budur ki, kəlağayıda ana-nənələrimizin xoş arzularla dolu laylalarını, xeyirxahlıq, qonaqpərvərlik, xeyrin şər üzərində qələbəsinə inam hissini aşılayan nağıllarımızın səsi duyulur.
Bu gün evlərdə əgər kəlağayıya rast gəlinirsə, bu xalqımızın milli dəyərlərinə sadiqliyinin nümunəsidir, beynəlxalq səviyyədə qorunması üçün dövlətimiz tərəfindən müvafiq tədbirlər həyata keçirilirsə, bu, kəlağayı sənətinə davamlı ömrün bəxş olunması, nəsillərdən-nəsillərə ötürülməsi deməkdir.

Milli-mənəvi dəyərlərin, mədəniyyətin, ümumilikdə, xalqa məxsus böyük sərvətin qorunub saxlanılması tarixən Azərbaycan ictimai təfəkküründə milli ideya səviyyəli, aktual məsələlərdən biri olmuşdur. Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlal Paşayev “Bir gəncin manifesti” əsərində böyük əziyyətlə toxuduğu xalçanın – sənət incisinin əcnəbiyə qismət olmasını istəməyən Sona xalanın dili ilə demişdi: “İtə ataram, yada satmaram”. Bu yanaşma, əslində, qəlbi Vətən eşqi ilə döyünən böyük Azərbaycan ziyalısının xalqın maddi-mənəvi sərvətlərinə necə böyük ehtiramla yanaşmasının, milli irsin qorunub saxlanılması vacibliyinin önə çəkməsinin əlamətidir. Bu bizik, tarixi köklərə və zəngin adət-ənənələrə malik Azərbaycan xalqı. Heç bir xalqın mədəni irsinə göz dikməyən, yalnız öz milli dəyərlərinə söykənərək tarix yaradan Azərbaycan xalqı. Mövzumuz kəlağayı idi. Milli geyimlərimizin ayrılmaz tərkib hissəsi-kəlağayı. Bu da danılmaz reallıqdır ki, hər dövrün öz tələbi və geyim tərzi var. Düzdür, indi baş örtüyündən o qədər də geniş istifadə olunmur. Lakin bu da bizə əsas vermir ki, milli geyimlərimizə, kəlağayıya laqeyd yanaşaq. 

Məlumat üçün onu da bildirək ki, yaxın vaxtlarda Naxçıvanda “Milli geyimlər” festivalının keçirilməsi nəzərdə tutulub. Festivalın əsas məqsədi milli geyim nümunələrimizi sərgiləməklə onu yad ünsürlərdən qorumaq, təbliğ etmək və gənclərə sevdirməkdir.


Bu gün milli geyimlərimiz həm də  muzey ekspozisiyalarını bəzəyir. Folklor kollektivləri, muğam ifaçıları, aşıqlar milli geyimlərimizin daşıyıcılarıdır. El şənliyimiz-Novruz bayramında milli sərvətlərimizin, həmçinin, milli geyimlərimizin sehrinə düşürük. Demək olar ki, toy şənliklərinə-xınayaxdı mərasimlərinə də artıq milli geyimlərimiz daxil olmaqdadır. Bu, çox təqdirəlayiq haldır. Lakin biz bununla kifayətlənməməliyik. Mövzu əgər kəlağayıdırsa, sözümüz analaradır: Qızları gəlin köçürdüyünüz zaman cehizlik əşyalar içərisində kəlağayını Azərbaycan qadınının sədaqət, ismət, gözəllik simvolu kimi hədiyyə etməyi də unutmayın.

 

Ruhiyyə Rəsulova

“Avanqard” mədəniyyət portalı

23.05.2017

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: