Qonaqlı-qaralı olan xalqımızın süfrəsi həmişə zəngin olub. Müxtəlif naz-nemətlərlə bəzənən süfrələrimiz ləziz yeməkləri, turşuları, meyvə quruları, mürəbbə və kompotları ilə seçilib. Bunların bir çoxu isə təbii ki, yayda hazırlanır.
Yayda qadınlar payız-qış yeməkləri üçün müxtəlif meyvələri qurudurlar. Ərik, alça, müxtəlif növ albalı quruları qış yeməklərinə xüsusi dad verir. Ərik, alça və gilənardan hazırlanan lavaşa sulu yeməklərə, kətələrə qatılır. Qışda sıyıqəriştə, yarmalı ələyəz, əvəlik aşlarını alça, albalı, ərik qurusuz təsəvvür etmək mümkün deyil.
Min illik ənənəyə uyğun olaraq taxıl biçinindən sonra yetkin buğdadan yarma hazırlanır. Bunun üçün üzərinə duz əlavə edilən buğda qaynadılır və qurudulur. Quruyandan sonra daş kirkirədə çəkilir. Qadınlar həmçinin əriştə kəsir, onu sacda qovururlar. Kənd evlərinin əksəriyyətində yarma, əriştə qış üçün əsas ehtiyat sayılır. Üzlü və üzsüz qurut qoyulur, quruyandan sonra duzlanıb qurudulmuş torbalara yığılıb sərin yerdə saxlanılır.
Yayın son ayında qadınlar müxtəlif turşular qoyur, mürəbbələr, cemlər bişirirlər. Hazırlanan məhsullardan payız, qış mövsümündə istifadə olunur. Uzun qış gecələrində təbii quru meyvələrdən hazırlanan kompotlar süfrələrimizi bəzəyir. İydə yığılıb qurudulur, mövüz hazırlanır. Yüksək kaloriyə məxsus meyvə quruları soyuq havalarda insan orqanizminə yaxşı təsir edir. Alma və üzüm qıcqırdılır, 40 gün saxlanılır, üzünə çıxan su süzülüb sirkə hazırlanır. Mətbəximizdə sirkədən geniş istifadə olunur.
Ərəfsə kəndinin işgüzar qadınlarından olan Cənnət ana deyir:
-Mən həyətimizdə olan alça və albalıları pörtlədib quruduram. Bu iş adamdan həvəs və bacarıq tələb edir. Hər gün onları çevirmək lazımdır. Quruyanları seçib ayrı yerə sərirəm. Gəlinim Əfsanə hər işdə mənə kömək edir. Qışda indi hazırladığımız məhsullardan istifadə edirik. Qadın öz evinə, ocağına nə qədər can yandırsa, evin ruzisi də bir o qədər çox olar.
Ərəfsə kəndində yaşayan Tünzalə Əliyeva təzə ev-eşik sahibi olan ailələrdəndir. O qədər işgüzar və bacarıqlıdır ki, böyüklər də bəzən ondan məsləhət alırlar. O deyir:
-Vaxtımı həyətyanı təsərrüfatımızda keçirirəm. Geniş həyətimizdə xeyli əkin sahəsi var. Bostan-tərəvəz məhsullarını həyətdən götürürük. Həyətimizdə xeyli ərik, qoz və alma ağacları var. Əriyi qaysı şəklində quruduram. Qışda qaysıdan bişirilən qaysava insan orqanizminə hərarət verir. Soyuq havada ərik dənəsi ilə iydənin qarışıq yeyilməsi adama ləzzət verir. Həyat yoldaşımla birlikdə ailə büdcəmizi təmin edirik. Tanrının verdiyi ömür payını öz zəhmətimizlə yaşayırıq.
Bucaqları bərəkətli, ocaqları qaynar qazanlı, süfrələri ləziz yeməkli xalqımızın həyatı zəhmət üzərində qurulub. Zəhmətlə əldə edilən halal qazanc şirin olur və nuşcanlıqla yeyilir.
Tərlan Məhəmmədqızı