Ədəbiyyatımızda ana obrazı

973

Yaranışdan Vətən torpağı ilə ana eyni tutulur, onlar müqəddəs varlıqlar kimi həmişə yanaşı qoyulur. Şifahi xalq ədəbiyyatı nümunələrində, el deyimlərində anaya müqəddəs bir varlıq kimi qiymət verilib. Ana öz canından, qanından övladına can verib.

Ana obrazı ədəbiyyatımızda həmişə tərənnüm olunub, onun böyüklüyündən, həyatdakı mövqeyindən danışılıb:

Burda yolum oldu tən,

Varmı bu yoldan ötən?

Bu dünyada əziz şey

Bir anadır, bir Vətən.

Vətən torpağı əvəzsiz olduğu kimi, ana da əvəzedilməzdir. Yaşlandıqca özümüz ana, nənə olsaq da, yenə də  ana nəfəsinə, nəvazişinə ehtiyac duyuruq. Vətən torpağı bizə yaşamağa yer verir, ana bizi yaşamağa ruhlandırır, həyat hadisələrini dərk edib duymaqda bizə yol göstərir.

Qədim türklərdə Ana az qala Tanrı qədər müqəddəslik qazanıb.  Ana müqəddəs olmasaydı, Qazan xan düşməndən əsir düşən el-obasından təkcə anasını istəməzdi. Ana şərəfi, ləyaqəti, namusu hər şeydən üstün tutulur. Uruz anasının  namusunu qorumaq üçün öz ətinin qara qovurma edilməsinə razı olur. Canımıza can, ruhumuza ruh verən ana südündə o qədər böyük hikmət var ki, ən ağır xəstəliklərin müalicəsində əvəzedilməz məlhəm hesab olunur.

Tariximizdə özünə layiqli yer tutan Tomris bir hökmdar kimi ilk növbədə analıq missiyasını həyata keçirib. Qaniçən Kirə dünya hadisələrindən ibrət götürmək, çəkdiyi oğul dağının əvəzini çıxmaq üçün yaxşı dərs verir. Onu məğlub edəndən sonra başını kəsib bir tuluğa salır. Qan üçün mübarizə aparan bir cəlladın susadığı qandan doyunca içməyini istəyir.

El-oba təəssübünü çəkmək Şərq qadınlarının həyatda ən ümdə arzusudur. “Anasına bax, qızını al”, “Anası gəzən ağacı balası budaq-budaq gəzər” kəlamları əbəs yerə deyilməyib. Ana övlad üçün yanar bir şamdır. Bütün ömrünü övladlarına həsr edir. Belə olmasaydı, ilk diplomat qadınımız Sara xatun böyük bir məmləkətin birliyi, övladlarının yaxşı yaşamaları üçün sülh danışıqlarına üstünlük verməzdi.

“Ana haqqı, Tanrı haqqı” deyib babalarımız. Ananın övlad üzərindəki haqqını heç nə əvəz edə bilməz. Ana haqqını dəyərincə qiymətləndirən şair və yazıçılarımız o ülvi varlığı həmişə tərənnüm etmiş, heç bir insan qüvvəsinin qarşısında baş əyməsələr də, ana qarşısında əyilmyəi özlərinə qürur sayıblar. Nankor övladlara öyüd, nəsihət veriblər. Əli Kərim “Qaytar ana borcunu” şeirində ananın min bir əzab-əziyyətlə böyütdüyü övladının anaya qaytara biləcəyi haqqın onun özü olduğunu söyləyir.

Müasir dövrümüzdə də övladlarını milli ruhda tərbiyə edən analara böyük ehtiram, hörmət var. Ana ailədə tərbiyəverici əsas  qüvvə, əvəzsiz örnəkdir. Ağbirçək sözünə, nəsihətinə hər an ehtiyac var. Bu gün də kəndlərimizdə yaşayan ağbirçək analarımız el üçün yol göstərən ağbirçəklərdir. Analar günəşdir, övladlar onların ziyalarıdır.

Nigar xanım Eyvazı köynəyinin yaxasından keçirərək özünə övlad edir. Ana o qədər ülvi bir varlıqdır ki, onun geydiyi paltar da müqəddəsdir. Canının bir parçası olmasa da, canına toxunan paltarların hərarəti qarşısındakında ana məhəbbəti yaradır. Ananın baş yaylığı sülh, əmin-amanlıq rəmzidir. Çətin məqamlarda ananın örpəyi yerə səriləndə böyük bir davanın qarşısı alınır. Əsl ehtiram, hörmət rəmzidir bu adətlər.

Millilik üzərində köklənən xalqın tarixi qədər də həyatı yenilməzdir. Bu yenilməzlik bir mirasdır. Çalışmalıyıq ki, həmişə adət-ənənələrimizdən bəhrələnərək gələcəyə nikbin baxaq. Evlərimizdən həmişə ana nəfəsinin hərarəti, ana çöhrəsinin təbəssümü, ən başlıcası ana nəsihəti əskik olmasın. Taleyimizə nur çiləyən analar ən yüksək alqışlara layiqdir.

 

Tərlan  MƏHƏMMƏDQIZI

                                                                    “Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: