Bir sıra xəstəliklərin şəfa mənbəyi- “Şorsu” palçığı

214

Elmi təbabətdən fərqli olaraq xalq təbabətinin müalicə yolları  nəzəri şərtlərə əsaslanmır. Həmin məlumatlar şifahi yolla nəsildən-nəslə keçərək əsasən xalqın adət-ənənələrində, zərb məsəllərində yaşamış, bəzi rəvayətlərdə öz əksini tapmış, həmçinin bir sıra yazılı mənbələrdə toplanmışdır.

İbtidai insanlar da sınıqları müalicə etməyi, çıxmış oynağı yerinə salmağı, sarğı qoymağı bacarırdılar. Ulu babalarımız həmçinin ağrıkəsici xassəyə malik olan bitkilərin (məsələn: xaşxaş) xüsusiyyətlərini bilirdilər. Ulu nənələrimiz isə günəş şüalarının, suyun, müxtəlif  palçıqların əhəmiyyətini bilir və xəstələnməmək üçün bunlardan istifadə edirdilər.

Xalq təbabətində duz məhlullarından, palçıqlardan, duz-palçıq qarışığından da müxtəlif xəstəliklərin müalicəsində istifadə edilib. Belə bir müalicəvi palçıq mənbəyi “Şorsu” palçığı adı ilə Naxçıvan Muxtar Respublikasında, Naxçıvan şəhərinin yaxınlığında da mövcuddur. Palçıq duz məhlulu ilə zəngindir. Elə “Şorsu” adı da məhz buradan meydana gəlmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şorsu” müalicəvi palçığının tədqiqi ilə bağlı müvafiq tapşırığından sonra AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Tətbiqi kimya laboratoriyasında bir sıra xəstəliklərin şəfa mənbəyi olan müalicəvi “Şorsu” palçığı əsaslı surətdə tədqiq olunub. Əhalinin əvvəllər kortəbii şəkildə istifadə etdiyi palçıq hazırda AMEA Naxçıvan Bölməsinin bu laboratoriyasında gigiyenik qaydada, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanıldıqdan sonra qablaşdırılıb. Paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası da göstərilib. “Şorsu” palçığı yaxın günlərdə həm palçıq, həm də toz formasında müxtəlif əczaxanalarda satışa veriləcək.

“Şorsu” palçığının tərkibi AMEA-nın Geologiya və Geofizika İnstitutunun analitik mərkəzində də kimyəvi analiz edilmişdir. Analizin nəticələrindən məlum olmuşdur ki, palçığın tərkibi əsasən mineral duzlar, məhv olmuş bitki və mikroorqanizmlər qarışığından ibarətdir. Daha dəqiq desək, onun tərkibi natrium xlorid, kalium xlorid, maqnezium xlorid, maqnezium sulfat, kalsium sulfat, dəmir, alüminium və silisium birləşmələri ilə zəngindir.

Palçıqdan 17 adda – revmatizma, revmatoid artrit, fəqərə osteoxondrozu, deformasiyaedici, miozit, bursit, insult qalığı, radikulit, nevrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər. “Şorsu” müalicəvi palçığından applikasiya və ümumi palçıq vannası şəklində istifadə olunması da mümkündür.

Birbaşa mənbədən götürülmüş “Şorsu” palçığı laboratoriyada xüsusi qıflardan süzülərək müəyyən qədər sudan azad edilir, krem vəziyyətinə salınır, sonra isə qablaşdırılır. Suyun ayrılması maddənin sonrakı saxlanma dövründə xarab olmamasını təmin edir. “Şorsu” palçığının bu cür istehsalında məqsəd ondan hamının ev şəraitində rahatlıqla istifadə edə bilməsidir. Preparat ağrı olan yerlərə (nahiyələrinə) yaxılır və 20-30 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyularaq təmizlənir. Bu əməliyyatı gün ərzinə 2-3 dəfə etmək məsləhətdir.

Aparılan tibbi araşdırmalar “Şorsu” palçığının müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq etmişdir. Sübut olunmuşdur ki, palçıqda olan təbii elementlər ağrı nahiyəsində qan dövranının sürətlənməsinə, dəridən toksinlərin atılmasına və hüceyrələrin qanla təmin olunmasına kömək edir. “Şorsu” palçığı oynaq ağrılarının (artrit, artiroz, ostroxondroz, revmatizm və s.), dəri xəstəliklərinin (atopik dermatit, sədəf və eqzema) və digər xəstəliklərin müalicəsində daha çox faydalıdır.

Əhməd QARAYEV,

AMEA Naxçıvan Bölməsi 

Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, 

kimya elmləri üzrə fəlsəfə doktoru,dosent 

“Nuh yurdu”qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: