Hikmət Hacıyev: Azərbaycan bütün tərəfdaş dövlətlərlə bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır

160

Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə bərabər hüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev TRT World kanalına müsahibəsində aparıcının Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona artan maraqlar haqqında sualını cavablandırarkən deyib.

Rusiya və Azərbaycanın qonşu dövlətlər olduğunu və iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyən XİN-in sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa İttifaqı və təşkilata üzv dövlətlər, o cümlədən Almaniya ilə əməkdaşlıq üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran Hikmət Hacıyev Cənubi Qafqaz regionunun Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən davam edən işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb. Münaqişənin həlli üzrə yol xəritəsinin hər kəsə aydın olduğunu və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslandığını deyən XİN rəsmisi bütün həmsədr ölkələrin BMT TŞ-nın qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün səylərini artırmasının vacibliyini diqqətə çəkib. Münaqişənin həllində Almaniyanın roluna gəldikdə isə o, Almaniyanın Minsk qrupunun üzv ölkələrindən biri olduğunu bildirərək deyib: “Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri ilə birlikdə Minsk qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nın qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”. BMT TŞ-nın qətnamələrinin mahiyyətinə toxunan Hikmət Hacıyev xatırladıb ki, bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Yekunda XİN rəsmisi Azərbaycan xalqının 25 ildən artıq bir dövr ərzində bu münaqişədən əziyyət çəkdiyini və Azərbaycanın münaqişənin substantiv və intensiv danışıqlar yolu ilə həllini dəstəklədiyini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: